Əsas Səhifə > Güney Press > Ermənistan üçün sonun başlanğıcı, yoxsa...

Ermənistan üçün sonun başlanğıcı, yoxsa...


Bu gün, 13:16

“Avropa İttifaqının rəhbərliyi Rus Pravoslav Kilsəsini Ermənistandan qovmaq üçün aqressiv şəkildə çalışıb. Avropaya inteqrasiya üçün ilkin şərt olaraq, Ermənistan hakimiyyətindən Moskva ilə əsrlər boyu davam edən dini və mənəvi əlaqələri tamamilə kəsmək tələb olunub”.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin Mətbuat Bürosu bildirib.

“Bu ilin aprel ayında yaradılan Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyası bu siyasi və ideoloji məqsədin bir hissəsi olaraq Rus Pravoslavlığına qarşı qəddar hücuma başlayır. Aİ İrəvan-Ermənistan Yeparxiyasını Rus Pravoslav Kilsəsinin kilsə əmlakından istifadə hüququndan məhrum etməyə və yerli dini strukturlarla, ilk növbədə Erməni Apostol Kilsəsi ilə dialoqunu əngəlləməyə çalışır”,-deyə məlumatda bildirilir.

Daha sonra məlumatda deyilir:

“Avropa İttifaqı Gümrüdəki Rusiya Silahlı Qüvvələrinin 102-ci Hərbi Bazasında Baş Mələk Mixail Kapellasının keşişi Timofey Qazaryana qarşı qəddar hücuma keçərək Ermənistandakı "hibrid" təhdidlərlə necə mübarizə aparmaq niyyətində olduğunu açıq şəkildə nümayiş etdirib. Brüssel tərəfindən dəstəklənən QHT-lər, Məlumatlı Vətəndaşlar Birliyi və Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi keşişi Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdən başqa bir şeydə günahlandırmayıb.

Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi məlumata görə, Avropa tərəfdaşları hazırda Rusiya Pravoslav Kilsəsinin İrəvan-Ermənistan Yeparxiyasının digər nümayəndələrinə qarşı Ermənistan hakimiyyətini onlara qarşı genişmiqyaslı basqılara başlamağa təhrik etmək üçün kompromatlar uydururlar”.

Qurum bu baxımdan Avropa rəsmilərinə xatırladıb ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin tarixi Avropa Birliyinin tarixindən müqayisə olunmaz dərəcədə qədimdir:

“Qardaş xalqlarımız arasındakı mənəvi və dini əlaqələr istənilən siyasi mühəndislik layihələrindən daha dərin və güclüdür. Onlar çox şeydən sağ çıxıblar və çoxdan mədəni və tarixi kimliklərini rədd edən qohumluq əlaqələrini itirmiş Aİ üzvlərinin hücumlarından mütləq sağ çıxacaqlar”.

Rusiyanın Ermənistanla bağlı belə sərt açıqlama verməsinin arxasında hansı səbəblər dayanır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Rusiyanın Paşinyana qarşı kampaniyası seçkilərin nəticəsini dəyişməyəcək. Politoloq qeyd edib ki, Paşinyanın qələbəsinə mane olmaq üçün artıq gecdir:

“Son bir ay ərzində Rusiyadan Ermənistan hökuməti əleyhinə səsləndirilən açıqlamaların, bəyanatların, paylaşımların və statusların sayı-hesabı yoxdur. Əsas məqsəd iyunun 7-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın məğlubiyyətini təmin etməkdir. Amma artıq bunun üçün gecdir. Böyük ehtimalla Rusiya istəyinə nail ola bilməyəcək. Bütün sorğular göstərir ki, Paşinyan və onun komandası seçkilərdə qələbə qazanacaq”.

Elxan Şahinoğlu əlavə edib ki, Kremlin dəstəklədiyi qüvvələrin üstünlük qazanması real görünmür:

“Bu baxımdan, hazırkı təzyiqlərin, guya iplərin qopması ilə bağlı ritorikanın heç bir ciddi təsiri olmayacaq. Kreml nə qədər çalışsa da, onun Ermənistandakı adamları, ona yaxın qüvvələr, məsələn, Robert Köçəryan, Samvel Karapetyan və digərləri üstünlük qazansın, bunun baş verməsi real görünmür. Bu mümkün olmayacaq”.

O vurğulayıb ki, Paşinyan hakimiyyəti üçün Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmə gələ bilər:

“Belə olan halda Rusiyanın qarşısında iki seçim qalacaq: ya Paşinyan hakimiyyəti ilə növbəti dörd il yola davam, ya da seçkilərin nəticələrini və Paşinyanın qələbəsini tanımamaq. İkinci variant, yəni Paşinyanın qələbəsini tanımasalar, bu, faktiki olaraq iki ölkə arasındakı münasibətlərin qopmasına gətirib çıxara bilər. Bu halda Ermənistan artıq həqiqətən ABŞ və Avropadan himayə tələb edəcək. Bir sözlə, Ermənistan onlardan təhlükəsizlik təminatları və siyasi dəstək istəməyə çalışacaq ki, onlar Rusiyanı əvəz etsinlər. Paşinyan hakimiyyətinin də Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı başqa alternativi qalmayacaq”.

Elxan Şahinoğlu bildirib ki, seçkilərdən sonra Kremlin Ermənistanla bağlı ritorikasında yumşalma müşahidə oluna bilər:

“Hesab edirəm ki, seçkilərdən sonra Rusiya rəsmilərinin və hakimiyyət dairələrinin ritorikası dəyişəcək, müəyyən yumşalma müşahidə olunacaq. Çünki Kreml bütün narazılıqlara baxmayaraq, Ermənistanı tamamilə itirmək istəməz”.


Geri qayıt