Əsas Səhifə > Güney Press > “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər”
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər”Bu gün, 17:16 |
|
“Qədir Rüstəmovu sağlığında gözü götürməyənlər çox idi. Onun paxıllığını çəkirdilər. Çünki Qədir Rüstəmov novator sənətkar idi. Həm də hamıdan fərqlənirdi.. Əhsən Dadaşovun müşayiəti ilə o “Sona Bülbülləri” mahnısını ifa edib. Bu mahnının səsyazma studiyasında 30 dənə montajı var. Bilirsiniz necə əzab-əziyyətlə bu səs yazısı yazılıb? Ya ansambıl çaşıb, ya ritmdən çıxıblar, ya Qədirin səsində problem olub. Onu calaq edə-edə gətirib bu əsəri ortaya çıxarıblar. Əhsən Dadaşovun ifası orada hər kəsə, ələxsus da bütün tarzənlərə böyük bir nümunədir. Qədir hansı xalı vurubsa, necə oxumaq istəyibsə Əhsən Dadaşov ona tarla elə cavab verib. İndiki tar ifaçılarının zəif cəhəti nədir, bilirsiz? Xanəndəni oxumağa qoymurlar. Xanəndə ağzını açır ki, bir qəzəl desin, o dəqiqə başlayırlar çalmağa. Əhsən Dadaşov isə əksinə, Qədirə imkan yaradıb ki, sən ürəyini boşalt, mən özüm araya salıb çalacam”. Bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Şahin Verdiyev deyib. O daha sonra əlavə edib: “90-cı illərin ortaları idi. Sənətkarlar Filarmoniya bağında yığışırdılar. Mən də Vahid Poeziya evinin rəhbəri olduğum üçün orada çox olurdum. Bir gün söhbət Qədir Rüstəmovdan düşdü. Gördüm ağız-burunlarını əyə-əyə deyirlər ki, o nə oxuyandır?! Hamısı da məşhur xanəndələr idi. Dedilər ki, ritmi yox, qəzəl falan bilmir. Başladılar hərəsi bir tərəfədən baltalamağa. Yanımda da ustad tarzənlərdən biri oturmuşdu. Dedim ki, hamınız danışıb qurtardınızsa, indi mənə qulaq asın. Yer üzünə, bəşəriyyətə 124 min peyğəmbər gəlib. Bu peyğəmbərlərin hərəsi bir adla bu dünyada qalıblar. Davudun gözəl səsi olub, İsa ölü dirildib, Musa sehr edib, Məhəmməd peyğəmbər (s.ə.s) quran gətirib. Hərəsi bir yenilik edib. Bu qədər də dünyaya alim gəlib. Mendeleyev, Nyuton və s. Hərə bir qanunla yer üzündə adını tarixə yazdırıb. Deyirəm ki, düzdür? Deyirlər ki, bəli! Azərbaycan musiqisinə Qədir Rüstəmov “Sona Bübüllər” gətirib, “Neyçün gəlməz”, “Olmaz-olmaz” oxuyub. Sizin hərənizin 70-80 yaşınız var, bütün muğamları oxumusuz, xalq mahnılarını oxumusuz, amma biriniz cürət edib “Sona Bülbüllər” oxumursunuz! Niyə? Çünki qorxursunuz oxumağa ki, olan-qalan hörmətiniz də əldən gedər. Ona görə ki, siz o səviyyədə oxuya bilməyəcəksiz. Bu birinci misal. Sonra dedim ki, xalq artistisiniz, adınız dünyanı götürüb, gündə efirə çıxırsınız. Parkın aşağısında bir nəfər stulun üstündə kaset satır. O kasetlərin içində hansınızın lent yazısı var?! Əlbəttə ki, heç birinizin! Amma Qədirinki var. 3-cü misalım da yazıçı Anarın “Üzeyir ömrü” filmi ilə bağlı idi. Anar müəllim Qədir Rüstəmovu Cabbar Qaryağdının obrazına dəvət edib onu çəkdi. Bütün xanəndələrin hər biri sağ idi. Dedim niyə görə getdilər Ağdamdan Qədiri gətirdilər?! Qədir də bir minnətlə-xahişlə gəldi ki.. Çəkilmək istəmirdi.. Elə sizi çəkərdilər də.. Bu sözlərimdən sonra susdular. Bu qədər oxuyan var, gör biri “Olmaz, olmaz”-ı, “Sona Bübüllər”-i o səviyyədə oxuyur?! Əlbəttə ki, yox. Çünki özlərini hörmətdən salmaq istəmirlər. Oxuya da bilməyəcəklər” deyə sənətkar bildirib. Geri qayıt |