Əsas Səhifə > Güney Press > Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədiBu gün, 10:11 |
|
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Arif Nuriyevin (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Pravda.az-ın etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin may ayında qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş Günayə Kərimova (adı, soyadı şərtidir) ilə birlikdə yaşadığı Masallı şəhərində yerləşən kirayə mənzildə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Arif Nuriyev qadına şillə və yumruq zərbələri endirib, üz nahiyəsinə yastıq sıxaraq onun müqavimət göstərməsinin qarşısını almağa çalışıb. Nəticədə Günayə başın təpə və alın nahiyələrinin, sol göz ətrafının, sağ budun yuxarı hissəsinin əzilməsi və qançırları, həmçinin əllər və qollar nahiyəsində müxtəlif sıyrıq və qançırlar şəklində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib. İstintaq materiallarına görə, bundan sonra təqsirləndirilən şəxs qadının əllərini, ayaqlarını və ağzını bağlayıb, saçlarını kəsib. Daha sonra isə zərərçəkmiş şəxsi iradəsinə zidd olaraq həmin mənzildə saxlayaraq onu təxminən bir gün müddətində qanunsuz şəkildə azadlıqdan məhrum edib. İttihamda qeyd olunur ki, bu hərəkətlər zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməklə həyata keçirilib. Cinayət işinin materiallarında əksini tapan digər epizod isə bir müddət sonra baş verib. Belə ki, tərəflər arasında münasibətlər pozulduqdan və qeyri-rəsmi nikah münasibətlərinə son qoyulduqdan sonra Arif Günayənin “WhatsApp” və “TikTok” platformalarında onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən, eləcə də müxtəlif təhqiramiz və qıcıqlandırıcı paylaşımlar etməsindən hiddətləndiyini bildirib. Həmin paylaşımlardan sonra təqsirləndirilən şəxs qadından qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə 2025-ci ilin iyun ayında gecə saatlarında Masallı rayonunun Göyəçöl kəndində yerləşən “Nurgün” kafesinə gedərək zərərçəkmiş şəxslə üzləşib. Arif kafedə qadının üzərinə hücum edib və əldə etdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Günayə qarın boşluğuna nüfuz edən, yoğun bağırsaq və digər daxili orqanların zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti alıb. Bundan əlavə, qadına qarın nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan digər kəsilmiş-deşilmiş yara da yetirilib. İstintaqla müəyyən olunub ki, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərərək təqsirləndirilən şəxsin qolundan tutması onun əlavə bıçaq zərbələri vurmasının qarşısını alıb. Eyni zamanda hadisə yerinə digər şəxslərin yaxınlaşdığını görən Arif oradan qaçaraq uzaqlaşıb. Yaralı qadın isə hadisə yerində olan şəxslərin köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardım nəticəsində həyatı xilas edilib. Məhkəmə iclasında ifadə verən Arif Nuriyev ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ilk hadisənin zərərçəkmiş şəxsin ona xəyanət etməsi və əxlaqsız hərəkətlərə yol verməsi səbəbindən baş verdiyini deyib. Qeyd edib ki, Günayənin saçlarını məhz buna görə kəsib, lakin onun əl-qolunu bağlamadığını və evdə məcburi saxlamadığını bildirib. Təqsirləndirilən şəxs ikinci hadisə ilə bağlı isə qadını öldürmək niyyətində olmadığını söyləyib. Onun sözlərinə görə, münasibətlər bitdikdən sonra zərərçəkmiş şəxs sosial şəbəkələrdə özü və valideynləri barədə təhqiramiz paylaşımlar edib. Arif uzun müddət bu paylaşımlara məhəl qoymamağa çalışdığını, lakin sonradan dözə bilməyərək qadından qisas almaq qərarına gəldiyini qeyd edib. İfadəsində hadisə günü Günayədən valideynlərini niyə təhqir etdiyini soruşduğunu, qarşı tərəfin isə təhqirləri davam etdirdiyini bildirib. Bundan sonra əsəbiləşərək ona iki bıçaq zərbəsi vurduğunu etiraf edib. Təqsirləndirilən şəxs bıçağı əvvəlcədən özü ilə aparmadığını, onu hadisənin baş verdiyi kafedən götürdüyünü söyləyib. Arif həmçinin Günayə ilə bir ildən artıq müddətdə faktiki ər-arvad kimi yaşadıqlarını, münasibətlər dövründə aralarında çoxsaylı problemlərin yarandığını bildirib. Təqsirləndirilən şəxs törətdiyi əməllərin qadının hərəkətlərinə cavab olaraq baş verdiyini desə də, onu öldürmək niyyətinin olmadığını vurğulayıb. Məhkəmə araşdırmaları zamanı iş üzrə toplanmış sübutlar, tərəflərin ifadələri və digər materiallar tədqiq olunub. Arif son sözündə məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Arif Nuriyevə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Geri qayıt |