Əsas Səhifə > Güney Press > Rubionun mesajı aydındır:
Rubionun mesajı aydındır:Bu gün, 17:23 |
|
ABŞ Dövlət katibi Marko Rubionun “Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib” bəyanatı Cənubi Qafqazda gedən geosiyasi proseslər baxımından diqqətçəkən mesajdır. O, bu fikri ABŞ və Ermənistan arasında imzalanan “Tramp marşrutu” üzrə çərçivə sazişinin təqdimatı zamanı səsləndirib və sənədin region üçün rifaha aparan yeni yol açacağını vurğulayıb. Əslində, ABŞ dövlət katibinin səsləndirdiyi fikir Vaşinqtonun son illərdə formalaşdırmağa çalışdığı regional yanaşmanın tərkib hissəsidir. ABŞ administrasiyası hesab edir ki, Qarabağ münaqişəsinin hərbi mərhələsi başa çatıb və region artıq qarşıdurma deyil, iqtisadi inteqrasiya və nəqliyyat əlaqələri mərhələsinə keçməlidir. Bu baxımdan Rubionun açıqlaması həm siyasi, həm də iqtisadi məzmun daşıyır. ABŞ uzun müddətdir Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm geostrateji məkan kimi qiymətləndirir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və ticarət marşrutları baxımından regionun əhəmiyyəti son illərdə daha da artıb. “Tramp marşrutu” adlandırılan təşəbbüs də məhz bu kontekstdə nəzərdən keçirilir. Vaşinqton regional kommunikasiyaların açılmasını, Ermənistanın iqtisadi təcriddən çıxmasını və Azərbaycanın tranzit imkanlarının genişlənməsini dəstəkləyən model formalaşdırmağa çalışır. Rubionun “rifaha aparan yeni yol” ifadəsi də bu strategiyanın iqtisadi tərəfini ön plana çıxarır. ABŞ Dövlət katibinin optimist bəyanatına baxmayaraq, ekspertlər hesab edirlər ki, Ermənistan-Azərbaycan münasibətlərində bütün problemlərin həll olunduğunu söyləmək hələ tezdir. Doğrudur, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə faktiki olaraq bağlanıb. Lakin tərəflər arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılması kimi mühüm məsələlər gündəmdə qalır. Bu baxımdan Rubionun açıqlaması daha çox siyasi mesaj xarakteri daşıyır və Vaşinqtonun regionda sülh prosesinə verdiyi dəstəyi nümayiş etdirir. Rubionun bəyanatında diqqət çəkən məqamlardan biri də ABŞ-ın proseslərin mərkəzində görünmək istəyidir. Son illərdə Cənubi Qafqazda Rusiya təsirinin zəifləməsi, Avropa İttifaqının fəallaşması və Türkiyənin artan rolu fonunda Vaşinqton da bölgədə daha aktiv mövqe tutmağa çalışır. “Tramp marşrutu” sazişinin imzalanması ABŞ-ın regionun gələcək iqtisadi və nəqliyyat layihələrində iştirak etmək niyyətinin göstəricisi kimi qiymətləndirilir. Bu isə Cənubi Qafqazın böyük güclər arasında geosiyasi rəqabət məkanına çevrilməkdə davam etdiyini göstərir. Rubionun açıqlaması bir daha göstərir ki, beynəlxalq aktorlar artıq Ermənistan-Azərbaycan münasibətlərinə münaqişə prizmasından deyil, əməkdaşlıq və iqtisadi inteqrasiya perspektivindən baxmağa başlayırlar. Bununla belə, regionda uzunmüddətli sabitliyin təmin olunması üçün tərəflər arasında hüquqi baxımdan tamhüquqlu sülh sazişinin imzalanması əsas şərt olaraq qalır. Əgər mövcud proseslər uğurla davam edərsə, Cənubi Qafqaz həqiqətən də qarşıdurma zonasından beynəlxalq ticarət və nəqliyyat qovşağına çevriləcək. Rubionun bəyanatı da məhz bu perspektivə hesablanmış siyasi mesaj kimi dəyərləndirilir. Yusif Nəzərli - SHERG.azGeri qayıt |