Əsas Səhifə > Güney Press > Rusiya Azərbaycana qarşı hərəkətə keçir

Rusiya Azərbaycana qarşı hərəkətə keçir


Bu gün, 11:00

“Qarabağ məsələsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilib. Buna görə də, keçmişdə separatçı qruplar tərəfindən siyasi simvol kimi istifadə edilən “Biz və dağlarımız” abidəsinin Rusiyada yenidən açılması sadəcə mədəni fəaliyyət hesab edilməməlidir. Bu addım Rusiyanın Cənubi Qafqazdakı tarixi təsirini tamamilə itirmək istəmədiyini və bölgədəki erməni diasporu ilə münasibətlərini davam etdirməyə çalışdığını göstərir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz bildirib.

Ekspert hesab edir ki, mövcud şəraitdə bu cür simvolik təşəbbüslər regional sülhə töhfə verməməklə yanaşı, keçmiş münaqişələri yenidən alovlandırmaq riskini daşıyır:

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müzakirə olunduğu bir vaxtda separatçı dövrün simvollarını gündəmə gətirmək tərəflər arasında formalaşmaqda olan etimada mənfi təsir göstərə bilər”.

İ.Cingöz qeyd edib ki, Rusiyanın baxış bucağından, bu təşəbbüs, Qarabağ üzərində faktiki təsirini itirsə belə, Cənubi Qafqazda psixoloji və mədəni təsirini qorumaq cəhdinin göstəricisi kimi qəbul edilə bilər:

“Moskva bu cür simvollar vasitəsilə həm Rusiyadakı erməni icmasına mesaj göndərir, həm də regional proseslərdən tamamilə kənarda qalmadığını göstərməyə çalışır. Lakin davamlı sülhə gedən yol keçmişin separatçı simvollarında deyil, qarşılıqlı suverenliyə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlıqdadır”.

Siyasi şərhçi əlavə edib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca və Qərbyönlü Paşinyan administrasiyası ilə Türkiyə və Azərbaycan arasında sülh və normallaşma prosesində müsbət irəliləyişlər baş verərkən, Rusiyada Qarabağdakı separatçı dövrünün simvollarından biri olan bir abidənin yenidən qurulması, Moskvanın Cənubi Qafqazdakı təsirinin tamamilə bitmədiyini nümayiş etdirmək və Rusiyayönlü müxalifətə və Paşinyana qarşı çıxan kilsəyə dəstək vermək məqsədini nəzərə alaraq, simvolik vasitələrlə bölgədəki tarixi təsirini qorumaq cəhdi kimi qəbul edilə bilər.

Fransalı tarixçi, politoloq Maksim Quen isə bildirib ki, bu addım həm Azərbaycanı, həm də Paşinyan hökumətini təhdid etməyin bir yoludur:

“Bildiyiniz kimi, Rusiya 2023-cü ilin yayına qədər Xankəndidəki separatçı quruma silah-sursat vermiş və azad edildikdən sonra bölgəni boşaltmağa məcbur olmuşdu. Bundan əlavə, Vladimir Putin Fransa və Avropa Birliyinin vasitəçiliyi ilə qəbul edilən Praqa bəyannaməsinə uyğun olaraq Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını həmişə deyir. Dolayısı ilə nəzərdə tutur ki, Ermənistan hökuməti Rusiya ilə həmrəy olsaydı, bu baş verməzdi. Separatizm tərəfdarları 2022, 2023 və 2024-cü illərdə İrəvanda nümayiş keçirdilər və bəzən hökumət binalarına hücum etməyə çalışdılar. Xoşbəxtlikdən, nümayişçilərin sayının az olması səbəbindən buna nail ola bilmədilər”.

Fransalı ekspert onu da qeyd edib ki, son dövrdə Azərbaycan və Ermənistanın Qərb ölkələri ilə yaxınlaşması Rusiya tərəfindən çox mənfi qarşılandı:

“Moskva bilir ki, növbəti addım Ermənistandakı Rusiya hərbi bazalarının bağlanması olacaq. Və Azərbaycanın Ukraynaya maddi dəstək göstərməsinə nifrət bəsləyir. Beləliklə, bu abidənin quraşdırılması bir qədər çarəsizlikdən yaranan, İrəvan və Bakıya təsir etmək cəhdidir”.


Geri qayıt