|
Bakıda ABŞ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında keçirilən görüş və kommersiya müqavilələrinin imzalanmasından sonra Amerika şirkətlərinin Azərbaycana 8 milyard dollar həcmində sərmayə yatıracağı açıqlanıb. Yeniavaz.comxəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. İnvestisiyaların əsasən enerji sektoruna yönələcəyi bildirilir. Məlumata görə, rəsmi Vaşinqton Azərbaycanın enerji infrastrukturunda iştirakını genişləndirməyi, xüsusilə Avropanın enerji təhlükəsizliyində ölkənin rolunu artırmağı hədəfləyir. ABŞ tərəfi Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Görüşdən sonra açıqlama verən ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr bildirib ki, ABŞ Azərbaycanın Avropaya və digər bazarlara çıxışı təmin edən Orta Dəhlizdə mərkəzi enerji qovşağına çevrilməsinə dəstək göstərəcək. Onun sözlərinə görə, bu əməkdaşlıq enerji layihələri ilə yanaşı, regional logistika və nəqliyyat imkanlarının inkişafına da töhfə verəcək. Amerikanın enerji nəhəngləri “Şevron” (“Chevron”) və “EksonMobil” (“ExxonMobil”) ikitərəfli əməkdaşlıq çərçivəsində fəal iştirak edəcək. Hələlik hər iki şirkətin sərmayə həcmi ayrı-ayrılıqda açıqlanmasa da, Bakı Enerji Həftəsi zamanı “Şevron”un yeni neft və qaz yataqlarının kəşfiyyatı üzrə müqavilə imzaladığı qeyd olunur. “EksonMobil” isə ötən il Azərbaycanda yeni yataqların araşdırılması ilə bağlı anlaşma memorandumu imzalayıb. Müşahidəçilər hesab edir ki, bu investisiya paketi Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi, xüsusilə Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, ikitərəfli iqtisadi dialoq bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalandığı bildirilən Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində aparılır.
Geri qayıt
|