Əsas Səhifə > Güney Press > Bacısının qayınatasını öldürmək istəyən gənc:

Bacısının qayınatasını öldürmək istəyən gənc:


Bu gün, 09:31

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2008-ci il təvəllüdlü Kənan Abuzərlinin cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, 18 avqust 2025-ci il tarixdə, gecə saatlarında təqsirləndirilən şəxsin bacısı A.Abuzərli ailədaxili mübahisədən sonra Biləsuvar rayonunun Nərimankənd kəndindəki yaşadığı evi tərk edərək ata evinə gəlib. Bacısının ağlaması, halsız vəziyyətdə olması və yanında olan azyaşlı övladının da narahat görünməsi Kənanda hiddət yaradıb. O, baş verənlərə görə bacısının qayınatası, 1966-cı il təvəllüdlü, zərərçəkmiş Azər Babayevi günahkar hesab edərək ondan qisas almaq qərarına gəlib.

Həmin gecədən sonra təqsirləndirilən şəxs əvvəlcədən hazırlıq görərək yaşadığı evdən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı götürüb və 19 avqust 2025-ci il tarixdə, təxminən saat 04 radələrində Nərimankənd kəndində yerləşən zərərçəkmiş şəxsin yaşadığı evə yollanıb. O, evin hasarından aşaraq həyətə daxil olub və diqqət çəkməmək üçün həyətin qaranlıq hissəsində gizlənərək münasib məqam gözləyib.

Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Azər Babayev həyətə çıxaraq sanitar qovşağa doğru hərəkət edib. Təqsirləndirilən şəxs həmin anda gizləndiyi yerdən çıxaraq onunla üz-üzə gəlib. O, əvvəlcə zərərçəkmiş şəxslə danışmağa çalışaraq bacısının ailə həyatının pozulmasına səbəb olan məsələlərlə bağlı iradlarını bildirib. Lakin tərəflər arasında qısa mübahisə yaranıb.

Bundan sonra Kənan əlində olan bıçaqla Azər Babayevə ardıcıl zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs döş qəfəsi və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ona döş və qarın boşluğuna nüfuz edən, diafraqma və mədə nahiyəsinin zədələnməsi ilə müşayiət olunan iki ədəd kəsilmiş-deşilmiş yara yetirilib. Bu xəsarətlər həyat üçün təhlükəli hesab olunaraq sağlamlığa ağır zərər vurma kateqoriyasına aid edilib.

Bundan başqa, zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində daha dörd ədəd səthi kəsilmiş yara aşkarlanıb. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığından onların dərəcəsi müəyyən edilməyib.

Cinayətkar niyyətin başa çatdırılmasına isə Azər Babayevin göstərdiyi müqavimət və hadisə yerinə vaxtında gələn oğlunun müdaxiləsi mane olub. Belə ki, səs-küyü eşidən oğlu həyətə çıxaraq Kənanı zərərsizləşdirib, onun əlindəki bıçağı alaraq müqavimətini qırıb. Bundan sonra yaralı şəxs təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin göstərdiyi tibbi yardım nəticəsində onun həyatı xilas edilib.

Məhkəmədə ifadə verən Kənan Abuzərli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, bacısı ailə qurduqdan sonra həyat yoldaşının ailəsi ilə birlikdə Nərimankənd kəndində yaşayıb və zaman-zaman tərəflər arasında ailədaxili narazılıqlar yaranıb. Onun sözlərinə görə, hadisədən əvvəl bacısı ata evinə qayıdanda ağlayırmış və vəziyyəti yaxşı olmayıb. Bu hal onda ciddi narahatlıq yaradıb.

Təqsirləndirilən şəxs ifadəsində söyləyib ki, hadisə günü evdən bıçaq götürərək zərərçəkmiş Azər Babayevin yaşadığı ünvana gedib, hasardan aşaraq həyətə daxil olub və onu gözləməyə başlayıb. Daha sonra zərərçəkmiş şəxslə danışmaq istədiyini, ona bacısının ailəsinin niyə dağıldığını soruşduğunu deyib. Qarşı tərəfin aqressiv cavab verməsi nəticəsində əsəbiləşərək bıçaqdan istifadə edib.

Kənan məhkəmədə zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, onu yalnız qorxutmaq istədiyini iddia edib. O bildirib ki, zərbələri vurduqdan sonra Azər Babayevin qan itirdiyini görüb və özünü itirib. Həmin vaxt hadisə yerinə gələn Azər Babayevin oğlu onu zərərsizləşdirərək əl-qolunu bağlayıb.

Məhkəmənin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.


Geri qayıt