Əsas Səhifə > Güney Press > "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?"
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?"Bu gün, 05:58 |
|
Xəbər verdiyimiz kimi, mayın 26-da keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayından sonra mübahisələr hələ də davam etməkdədir. Belə ki, qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra kino və incəsənət xadimləri səsvermənin legitimliyini şübhə altına alırlar. Səsvermə prosesində pozuntuların olduğunu iddia edən narazı tərəflər qurultayın nəticələrinin ləğv edilməsini tələb edirlər. Redaksiyamıza daxil olan məlumata görə, hazırda məsələ ilə bağlı müzakirələr davam edir və qurultayın nəticələrinin təsdiqlənməsi üçün zəruri sənədlərin hələlik aidiyyəti dövlət qurumlarına təqdim edilmədiyi bildirilir. Bununla bağlı “Cebheinfo.az”-a danışan Əli İsa Cabbarov bildirib ki, qurultayın nəticələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı yekun qərar hələ verilməyib: “Hazırda nəticələrin hüquqi qüvvəyə minməsi ilə bağlı müraciətlərə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən baxılır və bir qayda olaraq, cavabın verilməsi ən azı 30 iş günü çəkir. O, həmçinin bəzi həmkarlarını qarşıdurmadan uzaq durmağa çağıraraq, kinonun inkişafı naminə birgə fəaliyyətin vacibliyini vurğulayıb: “Xalq artisti Şəfiqə xanım Məmmədova ilə birlikdə yaranmış vəziyyəti müzakirə etdik. Məsələnin həm hüquqi, həm də kino ictimaiyyətinin ovqatı cəhətdən bütün aspektlərini danışdıq. Şəfiqə xanımla münasibətimizdə qarşılıqlı hörmət qalmaqdadır. Təşkilatımızın hüquqi və legitim müstəvidə daha da güclü işlər görülməsi üçün çalışacağıq. Bəzi həmkarlarıma şiddət ritorikasından barış ritorikasına keçməyi məsləhət görürəm. Ancaq harmonik və kreativ atmosferdə biz kinomuzun inkişafı üçün birgə addımlar ata bilərik”. Əli İsa Cabbarov qeyd edib ki, İdarə Heyətinin bəzi üzvləri qurultayın keçirilməsinə mane olmağa çalışıblar: “Ədliyyə Nazirliyi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini, AKİ-nin nizamnaməsini, eləcə də İdarə Heyətinin bəzi üzvlərinin konfransqabağı nizamnamə və İdarə Heyətinin qərarlarına zidd davranışlarını nəzərə almalıdır. Təsəvvür edin ki, İdarə Heyətinin adlarını hələlik açıqlamaq istəmədiyim bəzi üzvləri konfrans üçün seçilmiş zala zəng edib tədbirə təzyiq etməyə cəhd göstəriblər. Bu, həmkarlarına qarşı həqarətdir. Həmidə xanım Ömərova, Cavanşir müəllim Quliyev, Şükufə xanım Yusupova, Gülşad xanım və digər kino veteranları, gənc liderlər qapı arxasında qalmalı idilər? Zalın nümayəndəsinə zəng edənlər bu hərəkətlərindən utanırlarmı? Halbuki onlar konfransın tarixi və məkanı ilə bağlı qərara yekdilliklə səs vermişdilər. İdarə Heyəti seçkiyə iki namizədlə getmək barədə qərar qəbul etdikdən sonra buna yol verilməməli idi, amma onlar peşəkarlığa yaraşmayan hərəkətlər etdilər". Əli İsa Cabbarov qurultayın nəticələrindən narazı qalanlara çağırış edib: "Qarşılıqlı hörmət və peşəkarlıq mühiti bizi uğura aparacaq. Çuğulçuluq və təfriqə yaratmaq nəinki təşkilatımıza, ümumi kinomuza da zərər vurur. Ona görə də günümüzün diqtələrini hiss etsinlər, dünənlə yox, sabahla yaşasınlar. Sabahdan qorxmasınlar, sabahda onlara da yer olacaq”. Geri qayıt |