Əsas Səhifə > Güney Press > Ətin qiyməti düşəcək, yoxsa qalxacaq?

Ətin qiyməti düşəcək, yoxsa qalxacaq?


Bu gün, 12:27

Heyvan kəsimi məntəqələrinin sahiblərinə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsədin həm bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də sanitariya və qida təhlükəsizliyi standartlarına uyğun kəsim prosesinin genişləndirilməsi olduğu bildirilir.

Bu addım qeyri-rəsmi kəsimlərin azalmasına və bazarda daha şəffaf mexanizmlərin formalaşmasına təsir göstərə bilər. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında deyib ki, subsidiya və vergi güzəştləri kəsimxanalara və ümumiyyətlə iri buynuzlu heyvan kəsiminə çox müsbət təsir göstərəcək. V.Oruc bildirib ki, nəzarət mexanizmlərinin tətbiqi subsidiyalar və vergi güzəştləri ilə paralel şəkildə dəstəklənməlidir. Ciddi nəzarət olmalıdır ki, sahibkarlar həm subsidiyalardan, həm də vergi güzəştlərindən istifadə etməklə yanaşı, real olaraq ət kəsimxanalarında fəaliyyət göstərsinlər. Yəni bütün iri buynuzlu mal-qaranın kəsimi məhz kəsimxanalarda həyata keçirilməlidir. Bu, qida təhlükəsizliyi standartlarına əməl olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən subsidiyaların ayrılması və vergi güzəştlərinin tətbiqi kəsimxana fəaliyyətinin inkişafına və ət bazarının tənzimlənməsinə səbəb ola bilər.

Qeyd edək ki, bu xəbər ətin qiymətinin qalxacağı kimi şərh edilir. Kəsimxanalara nəzarət, vergi güzəştlərinin və subsidiyaların yalnız qeydiyyatdan keçmiş kəsimxanalara şamil ediləcəyi bazarda xırda saibkarların bazardan sıxışdırılıb çıxarılacağı, bazarda qalanların isə özlərinə sərf edən qiymətlər diktə edəcəyi anlamına gəlirmi? 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, vergi güzəştlərinin tətbiqi, sahibkarlara subsidiyaların ayrılması müsbət haldır, lakin diqqət edilməli bir sıra mühüm məqamlar var:

- Vergi güzəştləri mənfəət vergisi, gəlir vergisi ilə bağlıdır. Subsidiyaların ayrılması da yaxşı haldır. Vergi güzəştlərinin, subsidiyaların əsas məqsədi qiymət artımının qarşısını almaqdır. Dövlət sahibkara qiymət diktə edə bimir, sahibkar qiyməti özü təyin edir, qiymət bazara uyğun tənzmlənir. Lakin dövlətin əlində bir sıra alətlər var ki, məsələn vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi kimi, bu alətlər hesabına qiymətləri tənzimləmək mümkündür. Amma bu alətlərdən istifadə edilərkən də ciddi nəzarət olmalıdır. Vergi orqanı, AQTA, Kənd Təsərrüfatı Nazirliyi müştərək fəaliyyət göstərməlidir. Kimsə kağız üzərində bunu edəcəksə, kəsimxana olduğu göstərilib, reallıqda isə olmayacaqsa, belə hallara yol verənlər cəzalanmalıdır. Ola bilər kimsə dövlət orqanı ilə qeyri-qanuni razılaşma aparıb, subsidiya əldə edəcək, bunun qarşısı alınmalı, üzə çıxarılmalıdır ki, dövlət büdcəsindən ayrılacaq vəsait məqsədəuyğun xərclənsin. Şəffaflıq olsun deyə subsidiyalar kimlərə verilir, konkret adlar, ünvanlar, rəqəmlər, hamısı qeyd olunmalıdır. Belə olacaqsa, vergi güzəştləri dı düzgün bölüşəcəksə, ətin qiymətinin tənzimlənməsinə faydası olacaq. Amma kağız üzərində, formal olaraq haradasa kəsimxana göstərilib ora subsidiya ayrılacaqsa, kəsimxanası olmayana formal şəkildə vergi güzəşti tətbiq olunacaqsa, ətin qiymətinin aşağı düşməsini görməyəcəyik. Məntəqənin yeri, sahibkarın adı elektron qaydada təqdim olunmalı, vətəndaş da həmin kəsimxananın həqiqətən mövcudluğunu bilməlidir ki kəsim məntəqəsiin sahibi dövlətdən subsidiya alıb, vergi güzəştindən istifadə edir. O zaman vətəndaş ətin qiyməti ilə bağlı iradını da bildirəcək.


Geri qayıt