Əsas Səhifə > Güney Press > Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü

Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü


Bu gün, 12:28

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Faiq Məmmədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə cəzasına məhkum olunub.


İttihama görə, Faiq Məmmədzadə 2026-cı ilin fevral ayında gecə saatlarında keçmiş həyat yoldaşı, zərərçəkmiş Lalə Hacıyeva (adı, soyadı şərtidir) ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sonuncuya bədən xəsarətləri yetirib.


Hadisə gecə saat 03 radələrində tərəflərin birlikdə yaşadığı paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzilində baş verib. Belə ki, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı ilə övladları ilə birlikdə onun icazəsi olmadan gəzintiyə çıxması məsələsinə görə mübahisə edib. Mübahisə zamanı eyni evdə yaşayan Faiqin anası tərəfləri sakitləşdirməyə çalışsa da, vəziyyət daha da gərginləşib.


İş materiallarında qeyd olunub ki, Lalənin təqsirləndirilənin anası ilə kobud danışması Faiqin əsəbiləşməsinə səbəb olub. Nəticədə təqsirləndirilən şəxs qisas almaq məqsədilə keçmiş həyat yoldaşına şillə və təpik zərbələri endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Laləyə sol budun hematoması, sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol bazu və said nahiyələrinin, eləcə də hər iki baldırın qançırları ilə müşayiət olunan xəsarətlər yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.


Bununla da Faiq Məmmədzadəyə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmək ittihamı irəli sürülüb.


Məhkəmə iclasında ifadə verən Faiq Məmmədzadə ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Lalə ilə rəsmi qaydada boşansalar da, bir müddət birlikdə yaşamaqda davam ediblər. Onun sözlərinə görə, tərəflər arasında əvvəllər də müxtəlif məişət və ailə xarakterli mübahisələr olub.


Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mübahisələrin əsas səbəbi keçmiş həyat yoldaşının hara getdiyini ona bildirməməsi və valideynlərinə qarşı kobud davranması olub. Hadisə günü də tərəflər arasında bu səbəbdən növbəti mübahisə yaranıb.


O, məhkəmədə çıxışı zamanı Laləyə ciddi xəsarət yetirmək niyyətində olmadığını, lakin mübahisə zamanı zərərçəkmiş şəxsin onu təhqir etdiyini və şərəf-ləyaqətini alçaltdığını bildirib. Faiq əsəblərinə hakim ola bilmədiyini, nəticədə bir şillə və bir təpik zərbəsi vurduğunu etiraf edib.


Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu vurğulayaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.


Geri qayıt