Əsas Səhifə > Güney Press > RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSUBu gün, 12:21 |
|
Son günlər Rusiyada orduya yeni səfərbərlik elan ediləcəyi barədə xəbərlər çoxalıb. Xüsusilə də Rusiya “Z-kanalları” bu payız yeni səfərbərlik dalğasının baş verə biləcəyini bildirir. Bu xəbərlər Rusiyanın bəzi bölgələrində hərbi çağırışçıların səfərbərlik bildirişləri almağa başlaması ilə daha da aktuallaşıb. Eyni zamanda, hərbi qeydiyyat sisteminin təkmilləşdirilməsi və hətta sərtləşdirilməsi (çağırış alanların hüquqlarının məhdudlaşdırılması) müşahidə olunur. Kreml səfərbərliyə gedəcəkmi? Bu gün Rusiya əhalisini ən çox düşündürən suallardan biri məhz budur. Bu sual əlbəttə ki, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da narahat edir. Rusiya bu müharibə dövründə açıq şəkildə göstərib ki, ilk olaraq qeyri-rusları “ovlamağa” və ən qaynar nöqtələrə “top əti” kimi göndərməyə üstünlük verir. Cəbhədəki uğursuzluq, müharibənin dalana dirənməsi və çoxsaylı itkilərə baxmayaraq irəliləyişin olmaması ilk baxışda səfərbərliyin qaçılmaz olduğuna dair təsəvvür yaradır. Lakin riskli və nəticəsi şübhəli görünən səfərbərlik qərarının veriləcəyini sual altına alan xeyli ciddi məqamlar var. Birincisi, iqtisadi səbəblərə görə səfərbərliyin elan ediləcəyi inandırıcı görünmür. Müharibə açıq şəkildə Rusiya iqtisadiyyatını və dövlət büdcəsini tükəndirir. Büdcə kəsirini qapatmaq üçün elmdən tibbə qədər hər cür xərc maddələri azaldılır, əvəzində, hər cür vergi və cərimələr artırılır. Aydındır ki, daha bir neçə il davam edən müharibə və yeni bir səfərbərlik onsuz da ağır olan iqtisadi vəziyyəti dərin böhran həddinə qədər pisləşdirə bilər. İkincisi, siyasi səbəblərdir. Aydındır ki, səfərbərlik qərarı daha da böyük sosial gərginliyə səbəb olacaq və gözlənilməz nəticələr yaradacaq. Rusiyalılar zatən həm sosial-iqtisadi vəziyyətin pisləşməsindən, həm də internet bloklamaları başda olmaqla müharibənin yaratdığı digər çətinliklərdən narazıdırlar. Cəmiyyət müharibədən bezib. Vladimir Putinin reytinqi isə hətta Kremlə yaxın mərkəzlərin keçirdiyi rəsmi sorğulara görə belə durmadan, kəskin şəkildə aşağı düşür. Siyasi hakimiyyətin özü də hər nə qədər reallıq hissini itirsə belə, bunu görür və başa düşür. Buna görə də hakimiyyət bir neçə ildir rusiyalıları orduya pulla müqaviləli xidmətə cəlb etməyə çalışır, bəzən çağırışçılara təzyiq göstərir, bəzən tələbələri şirnikləndirir, bəzən kredit borclarını silməyi vəd edir və sair. Lakin səfərbərliyə getmir. Üçüncüsü, sırf hərbi səbəblər var. 2022-ci ilin payızındakı qismən səfərbərlikdən bəri müharibə öz təbiətini kökündən dəyişib və "dron müharibəsi"nə çevrilib. Artıq canlı qüvvə və hərbi texnika ilə kütləvi hücumlar mümkün deyil. Yalnız kiçik qruplarla əraziyə nüfuz etmək taktikası aparılır ki, bu da böyük həcmli və effektiv irəliləyiş təmin edə bilmir. Hazırda cəbhədə heç normal təmas xətti də mövcud deyil. Bunun əvəzinə onlarla kilometr uzanan və hər iki tərəfdən dronlarla durmadan izlənilən “ölüm zonası” var. İndi hər iki tərəfdə o qədər çoxlu sayda dron var ki, bir əsgərə onlarla FPV dron düşür. Üstəlik, bütün “Z-kanallar” da etiraf edirlər ki, ukraynalılar daha çox təkmilləşdirdikəri dronlarla təkcə birbaşa cəbhədə Rusiya canlı qüvvəsini və texnikasını məhv etmir. Həm də cəbhədən 100-150 kilometr məsafədəki logistika xətlərini vurur. Son olaraq Rusiyadan Krıma gedən yeni M-14 yolunun mütəmadi olaraq Ukrayna dronları ilə vurulması bunun əyani sübutudur. Bu yol həm də işğalçı qüvvələrin hərbi təchizatını həyata keçirir. Hazırda həmin yol faktiki olaraq keçilməz olub. Odur ki, səfərbərlik olunsa belə, cəbhədə artıq canlı qüvvə sayı həlledici rol oynamır. Ukraynanın bir neçə PUA operatoru eyni zamanda onlarla, bəlkə də yüzlərlə rus əsgərinin qarşısını ala biləcək imkanlara malikdir. Əlbəttə ki, Rusiya bir neçə yüz min əsgər cəlb edə, onları tələsik təlimləndirə, yarımçıq da olsa təchiz edə və Donbasın arzuladığı sərhədlərinə çatmaq üçün Slavyansk-Kramatorsk aqlomerasiyasına hücuma göndərə bilər. Lakin bu, o qədər böyük itkilərə səbəb olar ki, rəsmi təbliğatçılar tərəfindən elan edilən hər hansı bir "qələbə" Pirr qələbəsi kimi görünər. Bəzi “Z-ekspertlər” Donbasın qalan hissəsinin işğalı üçün Rusiyanın 1 milyona yaxın itki verməli olacağını deyirlər. Üstəlik, hazırda Ukrayna dronlarının təkcə Donetsk və Luqanska deyil, hətta Urala da asanlıqla çata bildiyi vəziyyətdə, bütün işğal edilmiş ərazilərin Rusiya tərəfindən necə idarə oluna və saxlanıla biləcəyi də şübhə altındadır. Beləliklə, dronlara qarşı əlac tapılmayınca, yüzminlərlə, hətta milyonlarla insanı orduya səfərbər etməyin mənası olmayacaq, vəziyyət dəyişməyəcək. Bütün bu qeyd etdiklərimiz rasional, məntiqli yanaşmadan doğan nəticələrdir. Ancaq problem ondadır ki, Kreml çoxdan reallıq hissini və ölçüsünü bilərəkdən, yaxud özü də bilmədən itirib. Bəzən elə qərarlar və açıqlamalar verilir ki, bunların normal ağılın məhsulu olduğunu heç cür qəbul etmək omur. Ona görə də yeni səfərbərlik ehtimalını tamamilə istisna etmək də doğru olmaz. Odur ki, xüsusilə də Rusiya vətəndaşlığı olan həmvətənlərimizin mümkün qədər Rusiyadakı qeydiyyat ünvanından kənarda yaşaması, heç bir müqaviləyə imza atmaması, hərbi komissarlıqlardan mümkün qədər uzaq durması gərəkdir. Cəlal Məmmədli “AzPolitika.info” Geri qayıt |