Əsas Səhifə > Güney Press > Rubio köməkçisini Azərbaycana niyə göndərib?
Rubio köməkçisini Azərbaycana niyə göndərib?Bu gün, 17:49 |
|
Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycana səfərə gəlib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. ABŞ rəsmisinin səfəri mayın 31-də başlayıb və iyunun 3-dək davam edəcək. Səfərin əsas məqsədi iqtisadi, enerji və biznes sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsidir. Qeyd edək ki, Kaleb Orrun Azərbaycana səfəri Tramp administrasiyasının Cənubi Qafqaza maraqlarının artması ilə bağlıdır. ABŞ-nin Dövlət katibi Marko Rubionun mayın 27-də Ermənistana səfərindən dərhal sonra öz köməkçisini Azərbaycana göndərməsi regionun geosiyasi və geoiqtisadi potensialının Vaşinqton üçün strateji əhəmiyyət kəsb etməsindən xəbər verir. Xüsusilə də Azərbaycanla Ermənistan arasında formalaşan sülh mühiti və sabitlik çoxşaxəli enerji layihələrinin, nəqliyyat-ticarət marşrutlarının yaradılması üçün yeni imkanlar açıb. Bu da öz növbəsində, bölgəni xarici investorlar üçün cəlbedici edir. Kaleb Orrun Bakıya səfəri ABŞ-nin Azərbaycan üzərindən regional enerji, logistika, müxtəılif sahələr üzrə infrastrukturun qurulması və ticarət əməliyyatlarının həyata keçirilməsində maraqlı olduğunu göstərir. Azərbaycan yaxın gələcəkdə Avropa və Çin arasında əsas nəqliyyat-ticarət maşrutuna çevriləcək Orta Dəhlizin üzərində yerləşməklə Trans-Xəzər nəqliyyat dəhlizinin keçid qapısı rolunu oynayır. Bu kontekstdə Cənubi Qafqazda və Mərkəzi Asiyada maraqları olan böyük dövlətlər Azərbaycanla əməkdaşlığa üstünlük verir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın təşəbbüsünün ABŞ tərəfindən dəstəklənməsi də bununla bağlıdır. Ona görə də yaxın perspektivdə Azərbaycanla ABŞ arasında əhəmiyyətli biznes layihələrinin həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunması gözləniləndir. Müşfiq Abdulla Geri qayıt |