Əsas Səhifə > Güney Press > Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verirBu gün, 13:14 |
|
Hazırda ölkəmiz növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak və çıxış edib.
Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar.
44 ölkədən 274 şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Keçirildiyi 31 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın yüzə yaxın ölkəsindən 10 mindən çox şirkəti, 200 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələnir, tədbirin statusunu daha da yüksəldir. Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, - deyə Prezident əlavə edib.
Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.
Həmçinin qeyd edilib ki, bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Bu kimi mühüm platformalara beynəlxalq marağın ildən ilə artması Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisidir. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Bu coğrafiya ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"
Geri qayıt |