Əsas Səhifə > Güney Press > Güldürməsə də, qıdıqlayan Mənsur Şərif

Güldürməsə də, qıdıqlayan Mənsur Şərif


Bu gün, 10:35

Hesab edirəm ki, bir zamanlar vayn çəkməklə məşhurlaşan adamlar birmənalı olaraq Azərbaycan səhnəsinə buraxılmamalı idilər. Ancaq görünür, qapıdan qovsan da, pəncərədən içəri daxil olan adamlar var.

Bu mənada, aktyorlar arasında ən yaxşı vayner, vaynerlər arasında da ən yaxşı aktyor olan Mənsur Şərif Ağayar, oyyy, üzr istəyirəm, Mənsur Şərif də belələrindəndir.

Sözsüz, Mənsur Şərif istedadlıdır. Ancaq təkcə Hüseyn Əzizoğludan.

Nədənsə, Mənsur Şərifi ailə məclislərində yaxşı zarafatlar etdiyini düşünən mənasız dayılara oxşadıram. Ümumiyyətlə, mənə elə gəlir ki, zarafatın özü də nadir hallarda Mənsur Şərifə gülür. Onun zarafat etməyə çalışmağı etdiyi zarafatlardan daha çox gülməlidir.

Mənsur illərdir ki, özünü aktyor kimi sınayır. Di gəl, bu sınaq müddəti bitmək bilmir.

Ümumiyyətlə, ədalətli dünyada Mənsur kastinqlərdən keçə bilməməli idi.

O, fiziki olaraq vayn çəkməyi dayandırsa da, mahiyyətcə hələ də vaynerdir. Obrazlı desək, vayndan qaçdı, amma qurtula bilmədi.

Doğrudur, Mənsur Şərif güldürə bilir. Ancaq qrup halında. Yəni tamaşaçı səhnədə digər aktyorlara güləndə araya salıb bir az da ona gülürlər. Daha dəqiq, başqalarının boğazından kəsib Mənsura gülürlər.

Bu yaxınlada bir nəfərin Mənsura bir neçə dəqiqə dayanmadan güldüyünü gördüm. Əmin oldum ki, Ənvər Abbasova gülüşünün artığıdır, atıb Mənsurun üstünə.

Hesab edirəm ki, vayn çəkənin aktyor olmağı ilə, xırıldayıb şeir deyən mənasız aktyorlar arasında heç bir fərq yoxdur.

Mənsur Şərif bu gün “Komedixana”-da fəaliyyət göstərir. Obrazlı desək, Mənsur Şərif “Komedixana”nın “xana”-sıdır. Komedinin ona dəxli yoxdur.

Buna baxmayaraq, Mənsur o layihəyəyə xüsusi nəsə qatmayıb.

Hətta Komedixana”nın adı dəyişib “Mənsurixana” qoysalar belə, məzmunda ciddi dəyişiklik baş verməz.

Mənsur filmlərə də çəkilib. Əslində, onun birmənalı olaraq kino fakturası yoxdur. Yenə bu güldürməsə də, qıdıxlayan rollarına birtəhər göz yummaq olar. Ancaq film Mənsur üçün çoxdu. Konkret desək, o, səhnəyə çıxan vayndır.

Onun bir obrazlıq istedadı var, amma onlarla obraza iddiası.

Mənsur Şərif obraz yaratmır, sadəcə müxtəlif formalarda yenə vayner Mənsur Şərif olur. Bığ yapışdırır, papaq taxır, səsini dəyişir, amma nəticədə yenə də Mənsur Şərif qalır.

Onun bütün performansları elə uzadılmış vaynlardır.

Əslində, yaxşı olardı ki, vayner kimi də qalsın. Çünki vaynla başlayan bu adamlar guya inkişaf edib oradan çəkildiyinə görə, elə məhz vayn sahəsi boş qalıb.

Axı yaxşı vayner də olaraq qalmaq olardı.

Gərək mütləq televiziyaya çıxasan, filmlərə çəkiləsən?

Üstəlik, lap deyək ki, aktyor olmaq arzularının arxasınca getdin, gördün ki, istedadın deyir, bu, əlçatmaz arzudur.

Bəs niyə qayıtmırsan?

Əlbəttə, Mənsur Şərif bu məsələdə tək deyil. Hələlik ayrılıqda yazıya gəlməsələr də, Sabir Samiroğlu, Rəsul, Sabit və s. kimi bir xeyli adam da bu siyahıya daxildir.

Bu cür adamların ən yaxşısını seçmək çətindir. Hamısı bir-birindən pis-pis şeylər çəkir, formalaşmaqda olan zövqləri də korlamaqla məşğul olurlar.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt