Əsas Səhifə > Güney Press > Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər?

Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər?


Bu gün, 15:09

Ermənistanda qarşıdan gələn parlament seçkiləri təkcə hakimiyyət uğrunda siyasi rəqabət kimi deyil, həm də ölkənin xarici siyasət kursu və regional mövqeyinin müəyyənləşəcəyi mühüm mərhələ kimi qiymətləndirilir. Son aylarda seçki prosesi ətrafında səslənən xarici təsir və müdaxilə iddiaları isə diqqəti bir daha Ermənistanın geosiyasi seçimlərinə yönəldib. Müşahidəçilər hesab edirlər ki, seçkilərin nəticələri ölkədaxili siyasi qüvvələr nisbətindən əlavə, İrəvanın əsas beynəlxalq tərəfdaşlarla münasibətlərinin gələcək istiqamətinə, eləcə də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara təsir göstərə bilər.

“Reuters”in yaydığı məlumata görə, Kreml Rusiyada yaşayan 100 min erməninin parlament seçkilərində Nikol Paşinyanın rəqiblərinə səs verməsi üçün onların Ermənistana göndərilməsi planını müzakirə edib. Mənbələrin iddiasına əsasən, bu proses üçün milyonlarla dollar vəsait ayrılması, həmçinin Rusiya regionları üzrə xüsusi kvotaların müəyyənləşdirilməsi ehtimal olunan xarici təsir mexanizmləri ilə bağlı müzakirələri daha da gücləndirib. Bu iddialar fonunda Ermənistanın qarşıdan gələn parlament seçkilərində xarici müdaxilə ehtimalları nə dərəcədə ciddi qiymətləndirilməlidir, bu proses ölkənin daxili siyasi sabitliyinə necə təsir göstərə bilər və mümkün siyasi dəyişikliklər Azərbaycan-Ermənistan münasibətləri ilə regiondakı geosiyasi balans baxımından hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Nigar Məmmədova açıqlama verib.

Deputat bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək istəyən qüvvələr çoxdur:

"Bu seçkilər hakimiyyət uğrunda daxili mübarizə ilə yanaşı, həm də ölkənin gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək proses kimi qiymətləndirilir. Belə ki, 7 iyun seçkilərinə ölkənin Qərb kursu ilə Rusiyanın təsiri altına qayıdış arasında seçim kimi də yanaşmaq olar. Moskvanın Ermənistanın Qərbə inteqrasiya kursunu dayandırmaq məqsədilə müxtəlif təsir mexanizmlərini nəzərdən keçirməsi, o cümlədən Rusiyada yaşayan ermənilərin seçki prosesinə cəlb olunmasına dair iddialar səslənir. Rusiya tərəfi bu ittihamları rədd etsə də, yayılan məlumatlar Ermənistanın siyasi sisteminin xarici təsirlərə nə dərəcədə açıq olması barədə sualları yenidən gündəmə gətirir.

Hesab edirəm ki, seçkilərdə Rusiyanın dəstklədiyi namizədlərin şansı demək olar ki, yoxdur. Ermənistanda cəmiyyət revanşizmin səbəb olduğu problemlərdən yorulub. 44 günlük müharibədəki acı məğlubiyyətə rəğmən Paşinyanı dəstəkləyənlər bu gün də üstünlük təşkil edir. Paşinyan isə Moskva ilə münasibətlərin tamamilə qırılmasında maraqlı görünmür. “Ermənistan-Rusiya münasibətlərində böhran yaratmaq istəyir, amma biz Rusiya ilə mübahisə etməyəcəyik və savaşmayacağıq. Rusiya superdövlətdir və ona hörmətlə yanaşmaq lazımdır. Biz də bunu edirik” deyən Paşinyan açıq şəkildə bildirib ki, “xarici siyasətdə mümkün şaxələndirmə Rusiyanın Ermənistandakı maraqlarına zərər verməyəcək".

Hesab edirəm ki, seçkilərə xarici müdaxilə ilə bağlı iddiaların güclənməsi, daxili siyasi qarşıdurmanın nisbətən artmasına səbəb olsa da, seçki nəticələrinə təsir etməyəcək. Ermənistanın hazırki ictimai-siyasi mühiti onu deməyə əsas verir ki, İrəvanın Rusiyanın təsirindən tamamilə və tez bir zamanda qurtulması olduqca çətindir. Çünki uzun illərdir ki, Ermənistan təhlükəsizlik, iqtisadiyyat, enerji və miqrasiya sahələrində Rusiya ilə sıx bağlıdır. Belə olan halda daha real ssenari Rusiyanın təsirindən tamamilə qurtulmaq deyil, balanslı yanaşma ola bilər. Proses Ermənistanın qonşularla münasibətlərin inkişafından və Azərbaycanla sülh yolu ilə həll perspektivlərindən asılı olacaq. Əgər Ermənistan davamlı təhlükəsizliyi təmin etməkdə və digər tərəfdaşlarla iqtisadi əlaqələri genişləndirməkdə uğur qazanarsa, Rusiyadan asılılığı zamanla azala bilər".


Geri qayıt