Əsas Səhifə > Güney Press > Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ

Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ


Bu gün, 13:03

Paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən olan Bakı Metropoliteni son illərdə sərnişinlərin ən çox narazılıq etdiyi qurumlardan birinə çevrilib. Xüsusilə, pik saatlarda yaşanan sıxlıq, qatarların intervalında müşahidə olunan gecikmələr, bəzi stansiyalarda texniki nasazlıqlar və infrastruktur problemləri vətəndaşların narahatlığını artırır. Sosial şəbəkələrdə və mediada bu məsələlərlə bağlı şikayətlərin sayı artsa da, sərnişinlər problemlərin aradan qaldırılması istiqamətində ciddi dəyişikliklərin hiss olunmadığını bildirirlər.

Xüsusilə, son aylarda metropolitendə qeydə alınan texniki nasazlıqlar və elektrik təchizatı ilə bağlı problemlər idarəetmənin səmərəliliyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bütün bunların fonunda sual yaranır: metropoliten rəhbərliyinin davamlı şikayətlərə adekvat reaksiya verməməsi və problemlərin həllində nəticə əldə olunmaması idarəetmədə ciddi nöqsanların mövcudluğundan xəbər verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev metropolitendə mövcud problemlərin əsas səbəbini rəhbərliyin təcrübəsizliyi və işə laqeyd münasibəti ilə əlaqələndirib.

Hafiz Hacıyev

Onun sözlərinə görə, sahəyə peşəkar kadrların deyil, müxtəlif əlaqələr hesabına vəzifəyə gətirilən şəxslərin rəhbərlik etməsi problemlərin dərinləşməsinə səbəb olur:

“Metropoliten rəhbərliyinin məsələlərə ögey yanaşması, problemlərin vaxtında həll olunmaması və yeraltı nəqliyyat sistemində işlərin düzgün təşkil edilməməsi təcrübəsizliyin nəticəsidir. Atalar demişkən, “çörəyi ver çörəkçiyə, birini də artıq ver”. Təəssüf ki, bu prinsipə əməl edilmir. Kimin adamı varsa, vəzifəyə gətirilir. Belə şəxslər isə həmin sahəni dərindən bilmirlər və işə gəlir mənbəyi kimi baxırlar”.

H.Hacıyev bildirib ki, peşəkar və təcrübəli idarəçilər problemləri daha operativ şəkildə aradan qaldıra bilirlər:

“Təcrübəli insan nə etməli olduğunu bilir. Ancaq işini bilməyən şəxslər ciddi problemlərin yaranmasına şərait yaradır. Metropolitendə yaşanan çətinliklər də məhz işə biganə münasibətin və peşəkarlıq çatışmazlığının nəticəsidir”.

Partiya sədri bir müddət əvvəl metropolitendə baş vermiş elektrik kəsintisini də xatırladaraq qeyd edib ki, həmin hadisə rəhbərlik üçün ciddi dərs olmalı idi:

“Bir ay əvvəl işıqların sönməsi nəticəsində sərnişinlər tunellərdə qalmışdı. Hətta faciəvi nəticələrin yaşandığı barədə məlumatlar yayıldı. Belə hadisələrdən nəticə çıxarılmalıdır. Dövlət başçısı metropolitenin inkişafı üçün mühüm sərəncamlar imzalayıb, böyük vəsaitlər ayrılıb. Lakin düzgün idarəçilik olmadıqda ayrılan vəsait də gözlənilən nəticəni vermir”.

H.Hacıyevin fikrincə, əsas məsələ qəbul edilən qərarlardan çox, həmin qərarları icra edən şəxslərin peşəkarlıq səviyyəsidir:

“Yüz qərar qəbul etmək mümkündür, yeni maliyyə vəsaiti də ayrılır. Amma işi görənlər onu bacarmırsa, nəticə dəyişməyəcək. Rəhbər özü hər şeyi bilməyə bilər, amma yanında peşəkar komanda olmalıdır. Təəssüf ki, bir çox hallarda vəzifələrə peşəkarlıq meyarı ilə deyil, şəxsi münasibətlər əsasında təyinatlar edilir. Bu da problemlərin həllini çətinləşdirir”.

Partiya sədri hesab edir ki, metropolitendəki mövcud problemlərin aradan qaldırılması üçün idarəetmədə peşəkarlıq və məsuliyyət prinsiplərinə üstünlük verilməlidir.


Geri qayıt