Əsas Səhifə > Güney Press > Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdıBu gün, 12:25 |
|
Rusiya Prezidenti Vladimir Putin Litvanıın xarici işlər naziri Kestutis Budrisin Kalininqrada hücumla bağlı açıqlamasına sərt reaksiya verib. Budris bildirib ki, NATO ruslara Alyansın Kalininqrada hücum edə biləcəyini göstərməlidir. Putin isə Litva rəsmisinin açıqlamasına, “Rusiya Federasiyasının bunu etməyə çalışan hər kəsi yerlə yeksan etmək üçün bütün vasitələri var”, – sözləri ilə cavab verib. Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Vladimir Putinin Kalininqradla bağlı səsləndirdiyi sərt bəyanat ilk baxışdan Kestutis Budrisin açıqlamasına verilmiş emosional cavab təsiri bağışlasa da, əslində, bu polemika NATO ilə Rusiya arasında son illərdə formalaşan yeni strateji qarşıdurmanın mühüm elementlərindən biridir: “Söhbət təkcə Baltik regionunda yerləşən bir eksklavın təhlükəsizliyindən deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasının hansı prinsiplər əsasında formalaşacağından gedir. Kalininqrad vilayəti Sovet İttifaqının dağılmasından sonra Rusiyanın ən həssas geostrateji nöqtələrindən birinə çevrilib. Rusiyanın əsas ərazisindən yüzlərlə kilometr uzaqda yerləşən bu eksklav Polşa və Litva ilə əhatə olunub, Baltik dənizinə çıxış imkanına malikdir. Moskva üçün Kalininqrad yalnız hərbi baza deyil. Bu ərazi Rusiyanın Avropadakı hərbi-siyasi mövcudluğunun simvolu, Baltik regionunda təsir imkanlarının əsas dayağı və NATO-nun şərq cinahına qarşı mühüm çəkindirmə vasitəsidir. Son illərdə Kalininqradın əhəmiyyəti daha da artıb. Xüsusilə Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Baltik dənizinin demək olar ki, bütün sahilləri Alyansa üzv dövlətlərin nəzarəti altına keçib. Moskvanın baxışına görə, bu proses Rusiyanın Baltik regionundakı manevr imkanlarını məhdudlaşdırır və Kalininqradı daha böyük strateji təzyiq altında qoyur. Təsadüfi deyil ki, Rusiya son illərdə burada hava hücumundan müdafiə sistemlərini, raket komplekslərini və dəniz qüvvələrini gücləndirməyə çalışır” Deputat bildirib ki, Litva xarici işlər nazirinin NATO-nun Kalininqrada hücum edə biləcəyini nümayiş etdirməli olduğu barədə bəyanatı da məhz bu kontekstdə qiymətləndirilməlidir: “Baltik ölkələri və Polşa Ukrayna müharibəsindən sonra Rusiyanı Avropanın əsas təhlükəsizlik təhdidi kimi görürlər. Onların fikrincə, Moskvanın mümkün hərbi avantüralarının qarşısını almağın yeganə yolu güc nümayişi və çəkindirmə siyasətidir. Bu yanaşma NATO daxilində getdikcə daha çox tərəfdar qazanır. Alyansın şərq cinahında yerləşən dövlətlər hesab edirlər ki, Kremlin risk alma ehtimalını azaltmaq üçün onun strateji obyektlərinin də təhlükə altında olduğunu hiss etdirmək lazımdır. Lakin burada diqqətdən qaçırılmamalı olan mühüm məqam mövcuddur. Kalininqrad Rusiyanın beynəlxalq hüquqla tanınmış ərazisidir. Buna görə də Moskva həmin bölgəyə qarşı istənilən hərbi əməliyyatı birbaşa Rusiyaya hücum kimi qiymətləndirəcək. Putinin “yerlə yeksan etmək üçün bütün vasitələrimiz var” ifadəsi də məhz bu məntiqə əsaslanır. Kreml bununla göstərməyə çalışır ki, Kalininqrad məsələsi Ukrayna və ya digər regional münaqişələrdən fərqli olaraq Rusiyanın suveren ərazisi ilə bağlıdır və burada cavab reaksiyasının miqyası tamamilə fərqli ola bilər”. E.Mirzəbəyli qeyd edib ki, əslində, tərəflərin ritorikasında nüvə çəkindirmə amili açıq şəkildə hiss olunur: “Soyuq müharibənin başa çatmasından sonra Avropada ilk dəfədir nüvə dövlətləri arasında qarşılıqlı hədələr bu qədər intensiv xarakter alır. NATO Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa çalışır, Rusiya isə nüvə arsenalını və strateji imkanlarını ön plana çıxarmaqla balans yaratmağa çalışır. Bu səbəbdən Kalininqrad ətrafında səslənən bəyanatlar təkcə regional xarakter daşımır, həm də qlobal təhlükəsizlik sisteminə təsir göstərən mesajlar kimi qəbul edilir. Digər tərəfdən, nə NATO-nun, nə də Rusiyanın hazırkı mərhələdə birbaşa hərbi toqquşmada maraqlı olmadığı görünür. Ukrayna müharibəsi göstərdi ki, hətta məhdud regional münaqişə belə dünya iqtisadiyyatına, enerji bazarlarına və beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsirlər göstərə bilir. NATO ilə Rusiya arasında birbaşa müharibə isə artıq regional deyil, qlobal böhran ssenarisi demək olardı. Məhz buna görə tərəflər sərt bəyanatlar versələr də, praktik müstəvidə müəyyən qırmızı xətləri keçməməyə çalışırlar. Bununla belə, risk tamamilə aradan qalxmış hesab edilə bilməz. Tarix göstərir ki, böyük müharibələr çox vaxt əvvəlcədən planlaşdırılmış qərarlardan deyil, yanlış hesablamalardan, səhv qiymətləndirmələrdən və ya lokal insidentlərdən başlayıb. Baltik regionunda hərbi fəallığın artması, hava və dəniz məkanında intensiv qarşıdurma elementlərinin yaranması belə riskləri artırır. Bu baxımdan Kalininqrad ətrafında səslənən qarşılıqlı təhdidlər sadəcə informasiya müharibəsinin elementi deyil, eyni zamanda Avropada təhlükəsizlik mühitinin nə qədər həssas vəziyyətə gəlib çatdığının göstəricisidir. Mövcud reallıq onu göstərir ki, Kalininqrad artıq təkcə Rusiyanın eksklavı deyil, NATO-Rusiya münasibətlərinin gələcəyini müəyyənləşdirə biləcək əsas geosiyasi düyünlərdən birinə çevrilib. Bura ilə bağlı verilən hər bir siyasi bəyanat, hərbi təlim və ya diplomatik gərginlik Avropanın təhlükəsizlik sistemində daha geniş proseslərin tərkib hissəsidir. Putinlə Litva xarici işlər naziri arasında yaranmış polemika da məhz bu böyük geosiyasi qarşıdurmanın növbəti epizodu kimi qiymətləndirilməlidir. Bu qarşıdurmanın əsas mahiyyəti isə konkret ərazi üzərində nəzarətdən daha çox, XXI əsrdə Avropada güc balansının necə formalaşacağı uğrunda gedən mübarizədə özünü göstərir”. Geri qayıt |