Əsas Səhifə > Güney Press > Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?
Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?Bu gün, 11:41 |
|
Efiopiya 120 milyondan çox əhalisi olan, lakin dənizə heç bir çıxışı olmayan bir dövlətdir. Bu gün o, Qırmızı dənizdə yenidən mövqe qazanmaq üçün gərgin diplomatik və siyasi mübarizə aparır, lakin qonşusu Eritreya tərəfindən qəti və amansız bir rədd cavabı alır.
1993-cü il. Eritreya onilliklər boyu davam edən müharibədən sonra rəsmən Efiopiyadan müstəqilliyini elan etdi. Bu müstəqillik təkcə siyasi xəritəni dəyişmədi, həm də Efiopiyanı Qırmızı dəniz boyunca uzanan sahili xəttindən tamamilə məhrum etdi. Beləliklə, Efiopiya qəfildən əhalisinin sayına görə dünyanın dənizə çıxışı olmayan ən böyük ölkəsinə çevrildi.
İki ölkə arasında baş verən dağıdıcı sərhəd müharibəsindən (1998-2000) sonra Eritreya öz limanlarını (Assab və Massava) Efiopiya ticarətinin üzünə tamamilə bağladı. Bu isə Əddis-Əbəbəni tam şəkildə Cibutidən asılı vəziyyətə saldı.
Efiopiya hazırda idxal və ixracını təmin etmək üçün təxminən 95% nisbətində Cibuti limanına güvənir və bunun müqabilində hər il milyardlarla dollar dəyərində kifayət qədər yüksək rüsumlar ödəyir.
Efiopiyanın Baş naziri Abiy Əhməd Qırmızı dənizə çıxışı ölkəsi üçün varlıq məsələsi adlandırıb. O, coğrafiyanın bölgə ölkələrinə dəniz limanlarının ədalətli bölünməsini müzakirə etməyi diktə etdiyini bildirib ki, bu da qonşu dövlətlər tərəfindən hərbi təhdid eyhamı kimi qiymətləndirilib.
Eritreya (İsayas Afverkinin rəhbərliyi ilə) öz torpaqları və ərazi suları üzərindəki suverenliyinin müzakirə və ya güzəşt predmeti olmadığını, Efiopiyanın yeni reallıq yaratmaq statusundakı istənilən cəhdinin onun milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu hesab edir.
Efiopiyanın son addımları Eritreya, Somali və Misir arasında ciddi yaxınlaşmaya səbəb oldu və Əddis-Əbəbənin dəniz iddialarını cilovlamaq məqsədi daşıyan güclü bir cəbhə formalaşdırdı.
Eritreya limanlarından ümidini kəsəndən sonra Efiopiya, Somalinin birtərəfli qaydada müstəqilliyini elan etmiş separatçı Somalilend (Somaliland) bölgəsi ilə qalmaqallı bir "Anlaşma Memorandumu" imzalayaraq diplomatik bir şok yaratdı. Bu müqaviləyə əsasən, Efiopiya 20 kilometrlik dəniz sahili, ticarət limanı və hərbi baza əldə edir. Bu addım Somalinin kəskin qəzəbinə səbəb olmaqla yanaşı, Afrika Buynuzunda qütbləşməni daha da artırdı.
Müəllif: Osman Eminov - "DİA-AZ"
Geri qayıt |