Əsas Səhifə > Güney Press > “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri...

“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri...


Bu gün, 21:00

“MTN işi” üzrə zərərçəkmişlərdən daha biri – illərlə məhkəmə salonlarında haqq səsini ucaldan Əfsəl Həsənəliyev dünyasını dəyişib. Musavat.com xəbər verir ki, Əfsəl Həsənəliyev 76 yaşında vəfat edib.

O, uzun illər Azərbaycan hüquq-mühafizə orqanlarında xidmət etmiş sabiq polis zabiti idi. Hüquq-mühafizə sistemində təxminən 35 il rəhbər vəzifələrdə çalışmış, son iş yeri isə Nəqliyyatda Baş Polis İdarəsi olmuşdu. Xidmətdən təqaüdə çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
2013-cü ildə biznes fəaliyyəti ilə əlaqədar Gürcüstandan pirotexniki vasitələrin İrana tranziti məsələsi zamanı saxlanılıb və sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub.

Əfsəl Həsənəliyev həmin işin saxta olduğunu, qanunsuz həbs edildiyini və ailəsindən pul tələb olunduğunu bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində aylarla azadlıqdan məhrum edilib. O, sonradan keçmiş MTN rəhbər şəxslərinin, xüsusilə general-mayor Mövlam Şıxəliyev, şöbə rəisi, polkovnik Yasin Məmmədov və digər vəzifəli şəxslərin məhkəmə prosesində zərərçəkmiş qismində iştirak edib. O, məhkəmə iclaslarında keçmiş baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov barədə də araşdırma aparılmasını tələb edib.

2022-ci ilin iyununda Bakı Hərbi Məhkəməsində keçirilən proses zamanı vəsatətlərinin təmin edilməməsinə etiraz olaraq məhkəmə zalında özünü yandırmağa cəhd göstərməsi geniş ictimai rezonans doğurub. Hadisənin qarşısı məhkəmə nəzarətçiləri və polis əməkdaşları tərəfindən alınıb.

Əfsəl Həsənəliyev son illərdə daha çox “MTN işi” üzrə zərərin ödənilməsi, həmçinin məsul şəxslərin hüquqi cavabdehliyə cəlb olunması tələbləri ilə çıxış edib. O, ömrünün sonuna qədər hüquqi mübarizəsini davam etdirdi. Lakin bir çox digər zərərçəkənlər kimi, məhkəmə hökmünün mülki iddia hissəsinin tam və ədalətli şəkildə icra olunduğunu görmədən həyatdan köçdü.

Bu gün zərərçəkənlərə vaxtilə MTN-də vurulmuş ziyanın təxminən yarısı ödənilib. Qalan hissənin ödənilməsi ən müxtəlif bürokratik əngəllər, Mövlam Şıxəliyev və digərlərinin əmlaklarının gizlədilməsi, müvafiq qurumlar tərəfindən üzə çıxarılmaması üzündən baş tutmur.

Əfsəl Həsənəliyevin ölümü “MTN işi”nin başqa bir ağrılı məqamını yenidən gündəmə gətirir. Bu iş üzrə zərərçəkənlərin bir hissəsi artıq həyatda deyil. Onlardan biri də Bahəddin Sultanov idi. Mövlam Şıxəliyevin və onun rəhbərlik etdiyi dəstənin əməllərindən zərər çəkən 36 nəfərdən biri olan Bahəddin Sultanov da uzun sürən hüquqi proseslərin yekununu görmədən vəfat edib. Onun məhkəmədə verdiyi ifadələrdən məlum olurdu ki, illərlə yaratdığı biznes və əmlakına ciddi zərər dəyib, böyük məbləğdə vəsaitini itirib. Bahəddin Sultanov MTN-də başına gətirilənləri istintaqa və məhkəməyə danışsa da, ömrünün sonuna qədər özünə vurulmuş ziyanın tam ödənildiyini görə bilmədi. Bu gün artıq onun adı məhkəmə protokollarında və zərərçəkmişlərin siyahısında qalıb. İş üzrə çıxarılmış məhkəmə qərarı isə tam icra edilməyib.

Bahəddin Sultanovdan sonra eyni taleyi yaşayanlardan biri də İbrahim Zeynalov oldu. Bir vaxtlar zavodların, fabriklərin, istehsal sahələrinin sahibi olan, milyonlarla dollar dövriyyəyə malik iş adamı ömrünün son illərini Neftçalanın Bankə qəsəbəsindəki vaqonda keçirdi. O, 2025-ci ilin mart ayında 76 yaşında vəfat etdi.

İbrahim Zeynalov məhkəmələrdə və mediaya verdiyi müsahibələrdə bildirirdi ki, MTN-də həbsdə saxlanıldığı dövrdə ailəsindən milyonlarla dollar alınıb, əmlakları satılıb, biznesi dağıdılıb. O, Mövlam Şıxəliyevin cinayət işi üzrə əsas zərərçəkənlərdən biri kimi tanınırdı. Onun azadlığa çıxması üçün ailəsi MTN-dəki poqonlu mütəşəkkil cinayətkar quldur dəstəyə 8 milyon dollar verməyə məcbur edilmişdi.

İllər sonra Musavat.com-a danışarkən o, övladlarını, həyat yoldaşını itirdiyini, bütün sərvətinin əlindən alındığını söyləmişdi. Vaxtilə dəbdəbəli həyat yaşayan iş adamı son illərini qohumunun verdiyi vaqonda keçirirdi.

“MTN işi” üzrə keçmiş generallar və yüksək vəzifəli şəxslər haqqında ittiham hökmü çıxarılıb. Məhkəmə onların zərərçəkənlərə vurduğu zərərin bir hissəsinin ödənilməsini də qərara alıb. Ancaq zərərçəkənlərin çoxu illərdir həmin qərarların tam icra edilmədiyini bildirirlər.

Bu gün Əfsəl Həsənəliyev də, Bahəddin Sultanov da, İbrahim Zeynalov da həyatda yoxdur. Onların hər biri məhkəmələrdə ifadə verdi, üzləşdikləri qanunsuzluqları danışdı, dəymiş ziyanın ödənilməsini tələb etdi. Lakin hər üç taleyi birləşdirən ortaq məqam ədalətin son nəticəsini görmədən dünyadan köçmələridir.

“MTN işi”ndə adı keçən zərərçəkənlər bir-bir həyatdan gedərkən iş üzrə məhkəmə hökmünün mülki iddia hissəsinin tam icrası nə vaxt təmin olunacağı da sual altındadır. Azərbaycan dövləti, dövlətin gücündən istifadə olunmaqla külli miqdarda vəsaitləri əllərindən alınmış vətəndaşların - hazırkı iş üzrə zərərçəkənlərin haqqını bərpa etməlidir. Məhkəmə hökmünə əsasən Mövlam Şıxəliyev və digərilərinin həbslə cəzalandırılmaları ədalətin yarımçıq bərpasıdır. Zərərçəkmiş şəxslərin əllərindən çıxarılmış vəsaitlər, gec də olsa, onlara, yaxınlarına qaytarılmalıdır. Bu, dövlətin üzərinə düşən yükdür...


Geri qayıt