Əsas Səhifə > Güney Press > "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq"

"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq"


Bu gün, 16:46

Türkiyə ilə Özbəkistan arasında münasibətlər artıq yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər təhlükəsizlik və müdafiə sahəsində də yeni mərhələyə keçir.

Türk Silahlı Qüvvələri Özbəkistan ordusunun yenidən qurulması prosesində Azərbaycan modelinə bənzər rol oynayacaq. Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin sözlərinə görə, Özbəkistanda general-mayor rəhbərliyində müşavir heyəti fəaliyyət göstərəcək. Ankara Daşkəndin Türkiyə tipli silahlı qüvvələr modelinin formalaşdırılmasına dəstək verəcək. 

Bu proses Türk Dövlətləri Təşkilatının gələcək təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a Türkiyə-Özbəkistan hərbi münasibətlərinin klassik “təlim və səfər” səviyyəsindən çıxdığını söyləyib:

"Türkiyə-Özbəkistan ordu quruculuğu, təhsil-doktrina, hərbi səhiyyə, müdafiə sənayesi, kəşfiyyat və ortaq strateji planlaşdırma mərhələsinə yüksəlib.

Münasibətlərin hüquqi bazası keçmişə dayanır. 1992-ci ildə imzalanan və 1993-cü ildə təsdiqlənən Hərbi Təhsil Əməkdaşlığı Sazişi iki ölkə arasında hərbi təhsil əməkdaşlığının əsasını təşkil edir. Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkə olub. İki ölkə arasında 100-dən çox saziş və protokol imzalanıb.

19 yanvar 2026-cı ildə Ankarada Türkiyə və Özbəkistan arasında “Hərbi Səhiyyə Sahəsində Təhsil və Əməkdaşlıq Sazişi” ilə “2026-cı İl Hərbi Əməkdaşlıq Tətbiq Planı” imzalandı. Bu, hərbi tibb, təhsil, şəxsi heyət mübadiləsi, praktiki təlim və institusional əməkdaşlığın dərinləşdiyini göstərir.

2026-cı ildə 4+4 mexanizmi xarici işlər, daxili işlər, müdafiə nazirlərini və kəşfiyyat rəhbərlərini eyni platformada bir araya gətirdi. Bu mexanizm Türkiyə-Özbəkistan münasibətlərini yalnız hərbi deyil, təhlükəsizlik, kəşfiyyat, müdafiə, xarici siyasət inteqrasiyası səviyyəsinə daşıyır".

General şəxsi heyətin təyinatı və “Azərbaycan modeli”nin təsirindən də danışıb:

"Mətbuata yer alan son açıqlamalara görə Türkiyənin Özbəkistan ordusunun təhsil, doktrina və təşkilati fəaliyyətlərinə töhfə vermək üçün hərbi müşavir heyəti təyin etdiyi, bunun Azərbaycanda tətbiq olunan TSK dəstəkli modernləşmə modelinə bənzər çərçivə olduğu bildirilir. Bu məlumat rəsmi mətnlərdə ətraflı izah edilməsə də, istiqamət aydındır. Özbəkistan ordusu Türkiyənin döyüş təcrübəsindən, təhsil sistemindən, komanda-idarəetmə anlayışından və müdafiə sənayesi imkanlarından daha çox yararlanmaq istəyir.

Strateji baxımdan bu inkişaf Özbəkistan üçün ordunun peşəkarlaşması, təhsil standartlarının yüksəlməsi, birgə əməliyyat qabiliyyəti və müasir müdafiə sənayesi inteqrasiyası deməkdir. Türkiyə üçün isə Orta Asiyada təhlükəsizlik memarlığında daimi institusional nüfuz qazanmaq anlamına gəlir".

Keçmiş Hərbi Attaşe ordu quruculuğunda aparılacaq işlərin TDT-yə təsirini də qiymətləndirib:

"Türkiyə-Azərbaycan hərbi uyğunluğu Özbəkistana doğru genişlənərsə, Türk Dövlətləri Təşkilatı daxilində faktiki ortaq təhsil-doktrina xətti formalaşar. Bu, qısa müddətdə ortaq təlimlər, hərbi təhsil, hərbi məktəblər, hərbi səhiyyə və müdafiə sənayesi əməkdaşlığı; orta müddətdə isə ortaq standartlar, ortaq logistika və böhranlara birgə müdaxilə qabiliyyəti deməkdir.

Bu, Türküstan coğrafiyasına da təsir edəcək. Özbəkistan Orta Asiyanın mərkəzi ölkəsidir. Türkiyə ilə hərbi yaxınlaşması Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan xəttində Ankara mərkəzli deyil, Türk dünyası mərkəzli çoxtərəfli təhlükəsizlik memarlığı yarada bilər. Bu quruluş həmçinin Rusiya, Çin və ABŞ ilə rəqabət deyil, Türk dövlətlərinin öz təhlükəsizlik potensialını artırması kimi qiymətləndirilməlidir".

Müsahibimiz vurğulayıb ki, Türkiyə-Özbəkistan hərbi münasibətləri artıq simvolik qardaşlıqdan çıxaraq institusional hərbi transformasiya ortaqlığına çevrilir:

"Bu proses düzgün idarə olunarsa, TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq".


Geri qayıt