Əsas Səhifə > Güney Press > Deputatlıq mandat deyil, sözün məsuliyyətidir
Deputatlıq mandat deyil, sözün məsuliyyətidirBu gün, 15:33 |
Deputatlıq təkcə mandat daşımaq deyil, həm də sözün məsuliyyətini daşımaqdır. Çünki deyilən hər cümlənin öz çəkisi və ictimai təsiri var. Deputatın söylədiyi hər fikir cəmiyyətin diqqət mərkəzində olur və buna görə də ifadə edilən hər söz xüsusi məsuliyyət tələb edir.Cəmiyyətin gözləntisi isə sadədir: xalqın səsini təmsil edən insan ilk növbədə xalqla düzgün və aydın danışmağı bacarmalıdır. Bu, təkcə ritorika və ya üslub məsələsi deyil, eyni zamanda bir mədəniyyət və məsuliyyət göstəricisidir. Bəzən elə çıxışlar və fikirlərlə qarşılaşırıq ki, istər-istəməz belə bir sual yaranır: doğrudanmı təmsilçilik anlayışı sadə və aydın ünsiyyətdən bu qədər uzaqlaşa bilər? İstər parlamentdə, istərsə də mətbuatda fikir müxtəlifliyi, sərt debatlar və fərqli yanaşmalar təbiidir. Lakin bu fərqlilik heç vaxt hörmətsizliyin, qıcıqlandırıcı və ya aşağılayıcı üslubun bəhanəsinə çevrilməməlidir. Çünki sözün gücü təkcə onun məzmununda deyil, həm də necə ifadə olunmasındadır. Bu gün dəyişən dünya düzəni və qlobal inflyasiya fonunda cəmiyyət daha həssasdır. İnsanlar onları təmsil edən şəxslərin danışığında özlərini görmək, onların yanında olduqlarını hiss etmək istəyirlər. Ona görə də deputatın dili həm mədəniyyət göstəricisi, həm də siyasi məsuliyyət hesab olunur. Məhz buna görə ictimai narazılıq yarandıqda məsələyə təkcə emosional müstəvidə deyil, həm də institusional mexanizmlər çərçivəsində yanaşmaq vacibdir. Etik davranış qaydaları, parlament intizamı və hüquqi prosedurlar da bu məqsədə xidmət edir. Əgər davranışlar ictimai etimadı zədələyirsə, bunun cavabı yalnız sözlə deyil, həm də qaydalar və məsuliyyət mexanizmləri ilə verilməlidir. Töhmət, intizam məsuliyyəti və zəruri hallarda mandat məsələsinin gündəmə gəlməsi də məhz bu sistemin tərkib hissəsidir. Çünki nümayəndəlik statusu yalnız seçilməklə bitmir, hər gün yenidən qazanılan ictimai etimad tələb edir. Bu günlərdə deputatlardan birinin “uşaqpulu verilsə, insanlar tənbəlləşəcək” fikri də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əslində, cəmiyyətin yanında olduğunu göstərməli olan bir deputat bu ifadələrlə kimin yanında olduğunu da aydın şəkildə izah edə bilmədi. Azərbaycanda uşaqpulu nə qədər ola bilər? Tutaq ki, 100 manat. Bu gün Azərbaycan ailələri əvvəlki kimi geniş deyil. Ən azı bir ailədə 4 uşaq olsa belə, bu 400 manat edir. Belə bir məbləğlə insanların “tənbəlləşəcəyi” fikri isə cəmiyyət tərəfindən qəbul olunmadı. Əksinə, bu yanaşma bir çoxları tərəfindən real iqtisadi vəziyyəti nəzərə almayan, mübahisəli bir fikir kimi qiymətləndirildi. Deputatın fikrinə görə, 8 yaşa qədər uşaqları olan ailələrdə yalnız atanın işləməsi kifayət edə bilər. Lakin sual yaranır: ata kirayə haqqını, ailənin gündəlik xərclərini, uşaqların ehtiyaclarını və kommunal ödənişləri təkbaşına necə qarşılaya bilər? Məhz buna görə də cəmiyyətin gözləntisi dəyişmir: daha çox diqqət, daha çox məsuliyyət və daha mədəni ünsiyyət. Axı xalq onu təmsil edənlərdən təkcə qərar yox, həm də anlayış və həssaslıq gözləyir. Bu, kiminsə cəzalandırılması arzusu deyil, institusional etimadın qorunması məsələsidir. İradə Cəlil, Bizimyol.info Geri qayıt |