Əsas Səhifə > Güney Press > Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu

Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu


Bu gün, 11:33

Azərbaycan incəsənətində elə adamlar var, onların adı gələndə hansı hissləri keçirdiyini bilmirsən. Yəni bilmirsən ki, yaxşıdı, yoxsa pis? Yaxşıdırsa, niyə yaxşıdır? Pisdirsə, niyə pisdir?

Qorxmaz Əlili məhz belə insanlardandır.

Başqa cür desək, onun haqqında təsəvvürlər heç vaxt bitkin bir fikir ifadə etmir. Sənət və sənətsevərlər üçün də xüsusi heç nə ifadə etmir. Asanlıqla yaxşı adam kimi də təqdim edə bilərsən, pis adam kimi də. Asanlıqla istedadlı da deyə bilərsən, istedadsız da.

Bunun isə bir səbəbi var, o da həmin adamların, məhz elə Qorxmaz Əlilinin özünü realizə edə bilməməsidir.

Qorxmaz Əlilinin Azərbaycan incəsənətində sadəcə siması var, tanışdır, hamı necəsə, hardasa görüb. Ancaq heç kim onun barəsində ciddi nəsə düşünməyib. Ümumiyyətlə, onun sənəti müzakirələrə səbəb ola bilməz.

Məsələn, heç bir sənət adamı tapmaq olmaz ki, beş nəfəri tərifləyəndə onlardan biri də Qorxmaz Əlili olsun.

O, adamın yadına çox gec düşür, o dəqiqə də çıxır. Təxminən qırx beş saniyə.

Qorxmaz Əlili Azərbaycan tamaşaçısına daha çox şou, əyləncə ilə tanışdır.

Onun əyləncə xarakterli verilişləri, deyərdim, heç kimi əyləndirmir.

Hesab edirəm ki, Azərbaycan xalqı ən duzsuz, maraqsız, güldürməyən bütün lətifələri də onun dilindən eşidib. Onun adı gələndə adam belə deyir:

“Hə, hə, o zarafat danışan kişi”.

Qorxmaz Əlili həmişə peşəkar şəkildə insanları güldürməyə çalışıb, xalq da peşəkar şəkildə susub.

O, əslində, həmişə yeniliyə can atmasına baxmayaraq, heç vaxt can qoya bilməmişdir.

Onun haqqında belə bir məlumat var ki, bəs sən demə, 5 milli musiqi aləti ixtira edib. “Əlbuta”, “Qorbuta”, “Canbuta”, “Canqor”, “Əlqor” kimi musiqi alətləri onun adınadır. Ancaq bu ixtiralarından sonra xalqımızın zurnaya olan sevgisi daha çox artıb.

Məsələn, belə bir dialoq təsəvvür edirəm.

Bir gün bir oğul evə gəlir və atasına deyir:

– Ata, mən konservatoriyaya girəcəm.

Ata soruşur:

-Hansı alətdə?

Uşaq başını aşağı salıb deyir:

– Əlqor…

Ata da sakitcə çıxıb həyətdə siqaret yandırır.

Ümumiyyətlə, Azərbaycan incəsənətində elə adamlar var ki, onların sənəti görünmür, amma özləri görünür.

Qorxmaz Əlili də məhz o nadir simalardandır ki, illərlə televizorda olub, amma yaddaşda heç vaxt tam yerləşməyib.

Qorxmaz Əlili elə sənətkarlardandır ki, onun haqqında “istedadlıdır” desən, sübut istəyərlər. “İstedadsızdır” desən, yenə sübut istəyərlər. Çünki ortada konkret material yoxdur.

Adam sanki sənət yox, ehtimaldır.

Düzü, Azərbaycan tamaşaçısı qəribə tamaşaçıdır. Çox şeyi bağışlayır. Səssiz aktyoru da sevir, zəif müğənnini də, hətta bəzi aparıcıları da illərlə saxlayır. Amma bir şərtlə, adamda az da olsa xarizma olsun. Qorxmaz Əlili isə illərlə efirdə olub, amma tamaşaçı ilə heç bir emosional əlaqə yarada bilməyib. O, televiziyada görünəndə heç kim kanal dəyişmirdi, amma heç kim də “ay sağ ol, yaxşı ki çıxdın” demirdi.

Bu çox qəribə personadır. Nifrət olunmamaq, sevilməmək. Sadəcə mövcud olmaq.

Onun sənəti haqqında ən dəqiq cümlə yəqin belə olar:

Qorxmaz Əlili Azərbaycan incəsənətində “boş qalan yer dolsun” funksiyası daşıyıb.

Onun sənətindən arxada nə böyük təəssürat qaldı, nə də böyük narazılıq.

Elə buna görə də o, Azərbaycan incəsənətinin ən qəribə simalarından biridir.

Çünki bəzi adamlar uğursuz olur, bəzi adamlar uğurlu. Qorxmaz Əlili isə bunların heç biri olmadı.

O, sadəcə uzun illər “tanınmış adam” kimi yaşadı.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt