Əsas Səhifə > Güney Press > "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası

"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası


Bu gün, 10:42

Üçüncü Apellyasiya Ümumi Yurisdiksiya Məhkəməsi kriminal aləmdə “Dato Krasnodarski” və “Dato Belçikalı” kimi tanınan D.Ş. Ozmanov barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.

Lent.az xəbər verir ki, o, cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq ittihamı ilə ciddi rejimli həbsxanada 10 il azadlıqdan məhrum edilib.

Cinayət işləri üzrə məhkəmə kollegiyası 2026-cı il mayın 25-də məhkumun vəkillərinin 2025-ci il iyulun 11-də Krasnodar Vilayət Məhkəməsi tərəfindən çıxarılmış hökmə verdiyi şikayətə baxıb. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin pozulduğunu əsas gətirərək hökmün ləğvini tələb edib.


Müəyyən olunub ki, Ozmanov 2000-ci ildən “qanuni oğru” statusuna malik olub. O, Yunanıstan ərazisində kriminal aləmdə “Ded Xasan” kimi tanınan nüfuzlu Aslan Usoyanın iştirakı ilə “taclandırılıb”. Ona kriminal təsir zonası kimi Krasnodar diyarı, o cümlədən regionun islah müəssisələri həvalə edilib.

Rusiya Cinayət Məcəlləsinə 2019-cu il aprelin 12-dən 210.1-ci maddə əlavə edildikdən sonra da Ozmanov öz statusundan imtina etməyib. İstintaqın məlumatına görə, o, cəzaçəkmə müəssisələrində “nəzarətçilər” təyin etməyə, “obşak” üçün pul toplamağa, kriminal avtoritetlər arasındakı mübahisələri həll etməyə və icrası məcburi olan göstərişlər verməyə davam edib. 2021-ci ilin dekabrında Ozmanov həbsxanada məhkum V.V. Kolomytsevi (“Krest”), 2022-ci ilin mayında isə V.T. Piroyevi “nəzarətçi” təyin edib.

Ozmanovun özü 2022-ci ildən beynəlxalq axtarışdadır və Rusiya hüdudlarından kənarda gizləndiyi qeyd olunur. Buna baxmayaraq, onun kriminal statusunun qorunduğu bildirilir. Məlumata görə, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla onlarla şahidin ifadəsi və əməliyyat-axtarış tədbirlərinin nəticələri təsdiqləyib.

Axtarışlar zamanı Ozmanovun və qohumlarının evlərində “qanuni oğru ulduzu” simvolikası olan nərd, təsbeh, alışqan və mücrü aşkar edildiyi bildirilir.

Qeyd edək ki, Krasnodar Vilayət Məhkəməsi təqsirləndirilənin Rusiya xaricində olması səbəbindən işə qiyabi baxıb. Ozmanov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib, əlavə olaraq bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Onun barəsində həbs qətimkan tədbiri ekstradisiya edildiyi və ya Rusiya ərazisində saxlanıldığı andan qüvvəyə minmək şərti ilə qiyabi seçilib.

Üçüncü Apellyasiya Ümumi Yurisdiksiya Məhkəməsinin kollegiyası iş materiallarını araşdırdıqdan sonra irəli sürülmüş ittihamı və təyin olunmuş cəzanı qüvvədə saxlayıb.

Xartırladaq ki, “Dato Krasnodarski” kimi tanınan “qanuni oğru” David Ozmanov Şakro Molodoyun qardaşı oğludur.


Geri qayıt