Əsas Səhifə > Güney Press > Paşinyan kimlərlə ittifaq qura bilər?

Paşinyan kimlərlə ittifaq qura bilər?


Bu gün, 15:42

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində 19 siyasi qüvvə iştirak edir. Əksəriyyətinin parlamentdə təmsilçilik qazanmaq üçün yetərli seçici səsi əldə etmək gücü yoxdur. Parlamentə düşə bilmək imkanında olanlar isə 101 deputat mandatından 51-ni və daha çoxunu qazana biləcək gücdə deyillər. Müxalifət qüvvələrinin seçkiyə ayrılıqda getməsi onları bu gerçəkliklə üz-üzə qoyub. Keçirilən ictimai rəy sorğularına görə Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasının reytinqi yenə də yüksək olaraq qalsa da onun da 51 deputat mandatına sahiblənməsi asan deyil.

Seçkidə iştirak edənlərin heç biri, xüsusilə Nikol Paşinyanın partiyası 51 deputatla parlamentə düşə bilməyəcəyi halda hökumətin necə formalaşdırılacağı sualı aktuallaşmaqdadır.
Siyasi ekspertlər hesab edir ki, əgər Nikol Paşinyan seçkilərdə təkbaşına çoxluq əldə edə bilməsə, onun koalisiya üçün bir neçə mümkün variantı ola bilər. Ancaq bu seçimlər həm ideoloji, həm də geosiyasi baxımdan olduqca mürəkkəb görünür. Ən real ssenari Paşinyanın özünə yaxın və ya radikal revanşist mövqedə olmayan qərbyönlü, liberal və texnokrat qüvvələrlə əməkdaşlıq etməsi ola bilər. Çünki Paşinyan üçün əsas prioritet hakimiyyətdə qalmaqla yanaşı, Qərblə yaxınlaşma kursunu davam etdirməkdir. Bu baxımdan onun sərt revanşist və açıq şəkildə Rusiyaya bağlı qüvvələrlə uzunömürlü ittifaq qurması çətin görünür. Mümkün variantlardan biri parlamentə düşə biləcək mərkəzçi və ya qərbyönlü kiçik partiyalarla ittifaq ola bilər. Ermənistan siyasətində belə qüvvələr adətən böyük elektorata malik olmurlar, amma koalisiya qurmaq üçün həlledici mandatlara sahib ola bilirlər. Bu halda Paşinyan onlara hökumətdə müəyyən postlar verməklə dəstək ala bilər.
Digər ehtimal isə daha praqmatik “situativ koalisiya” modelidir. Yəni formal koalisiya olmadan bəzi partiyalar hökumətə kənardan dəstək verə bilər. Ermənistan siyasi sistemində bu model də mümkündür. Xüsusilə ölkədə yeni siyasi böhran və növbədənkənar seçki istəməyən qüvvələr müəyyən kompromisə gedə bilərlər.
Robert Köçəryan və ona yaxın qüvvələrlə, həmçinin milyarder Samvel Karapetyanla Paşinyanın koalisiya qurması isə mümkün deyil. Çünki tərəflər arasında yalnız siyasi rəqabət deyil, düşmənçilik səviyyəsinə yüksələn qarşıdurma hökm sürür.
Paşinyanın daha neytral qüvvələrlə müvəqqəti əməkdaşlığa getməsi variantı isə mümkündür. Xüsusilə Azərbaycanla sülh sazişi və regiondakı dəyişikliklər fonunda Ermənistan daxilində “idarəolunan sabitlik” ehtiyacı bəzi siyasi qüvvələri kompromisə sövq edə bilər. Lakin istənilən koalisiya hökuməti təbiidir ki, təkbaşına qurulan hökumətdən zəif və qeyri-sabit, daxili, xarici təsirlərə daha açıq olacaq.

Musavat.com


Geri qayıt