Əsas Səhifə > Güney Press > Tiflisdə Trampın adına göydələn tikiləcək

Tiflisdə Trampın adına göydələn tikiləcək


Bu gün, 16:51

"The Trump Organization" şirkəti Gürcüstanın paytaxtı Tiflis 70 mərtəbəli "Trump Tower" tipli göydələn inşa edəcək. Layihənin Qafqaz regionunda ən hündür bina olacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Domus” yazır.
Bina "The Tiflis Downtown” adlı memarlıq kompleksinin mərkəzi elementi olacaq. Kompleks ümumilikdə altı göydələndən ibarət olacaq və keçmiş ippodromun yerində inşa edilməsi planlaşdırılır.
Məlumata görə, layihəni memarlıq şirkəti "Gensler” hazırlayacaq, tikinti işlərini isə Gürcüstanın "Archi Group” tikinti şirkəti həyata keçirəcək. Həmin şirkətin hakim Gürcü Arzusu Partiyasından keçmiş deputata məxsus olduğu bildirilir. Bundan əlavə, "Trump Tower”in tikiləcəyi torpaq sahəsinin dolayı yolla "Gürcü Arzusu”nun yaradıcısı və milyarder Bidzina İvanişviliyə bağlı olduğu qeyd olunur. 2024-cü ilin sonunda ABŞ administrasiyasının İvanişviliyə sanksiya tətbiq etdiyi xatırladılır.
Donald Trampın Gürcüstanda göydələn tikmək planı artıq təxminən 15 ildir gündəmdədir. "Domus”un yazdığına görə, 2012-ci ildə Tramp Tiflisə səfər edərək o vaxtkı prezident Mixeil Saakaşvili ilə Batumidə 47 mərtəbəli bina tikintisini müzakirə etmişdi. Lakin illərlə sürən gecikmələrdən sonra layihə 2017-ci ildə, Trampın ABŞ prezidenti olduğu dövrdə ləğv edilib.
Qeyd olunur ki, son aylarda dünyada oxşar "Trump Tower” layihələrindən ikisi də dayandırılıb. Birincisi Serbiyada, keçmiş Baş Qərargah binasının yerində otel tikintisi planı ilə bağlı siyasi qalmaqal və mədəniyyət nazirinə qarşı cinayət işi ilə nəticələnib. İkincisi isə Avstraliyada baş tutmayıb, burada Trampın adı son illərdə siyasi mövqelərinə görə ciddi mübahisələr doğurub.

Geri qayıt