|
Məlum olduğu kimi, mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyəti bərpa olunur. Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumata görə, bir istiqamət üzrə biletin qiyməti 81 manat təşkil edəcək. Lakin, Gürcüstana səfər planlaşdıran sərnişinlər üçün təkcə qatar bileti kifayət etməyə bilər. Bu barədə Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qonşu ölkədə 2026-cı ildən tətbiq edilən yeni qaydalara əsasən, xarici turistlər ölkəyə giriş zamanı məcburi tibbi və bədbəxt hadisələrdən sığorta şəhadətnaməsi təqdim etməlidirlər: “Gürcüstanda “Turizm haqqında” qanunun 12-ci maddəsinə və Gürcüstan hökumətinin 26 dekabr 2025-ci il tarixli qərarına əsasən, 1 yanvar 2026-cı ildən etibarən bu ölkəyə daxil olan hər bir xarici turist üçün tibbi və bədbəxt hadisələrdən sığorta məcburi xarakter daşıyır. Yeni qaydalara əsasən, turistin təqdim etdiyi sığorta şəhadətnaməsi Gürcüstan ərazisində qalacağı bütün müddəti əhatə etməlidir. Eyni zamanda minimum 30 min gürcü larisi, təxminən 11 min dollar məbləğində tibbi təminata malik olmalıdır. Sənəd ingilis və ya gürcü dilində, elektron və ya çap formasında təqdim oluna bilər. Sığorta həm Gürcüstan, həm də xarici sığorta şirkətləri tərəfindən verilə bilər”. İqtisadçı-ekspert qeyd edib ki, sığortanın qiyməti müddətə və təminat şərtlərinə görə orta hesabla 10-30 manat arasında dəyişir: “Sığorta məbləği səfərin müddətindən, turistin yaşından və seçilən şirkətdən asılı olaraq dəyişir. Daha uzunmüddətli və geniş təminatlı paketlər daha baha ola bilər. Sığorta şəhadətnaməsini həm Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən, həm də Gürcüstanın bu məqsədlə fəaliyyət göstərən onlayn platformalarından əldə etmək mümkündür. Əsas tələb odur ki, sənəddə sığorta müddəti, əhatə olunan risklər, 30 000 laridən az olmayan təminat limiti və sığortalının məlumatları aydın şəkildə göstərilsin”. Ekspert sərnişinlərə sərhəddə problem yaşamamaq üçün sığortanı səfərdən əvvəl almağı tövsiyə edir.
Geri qayıt
|