Əsas Səhifə > Güney Press > “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil”

“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil”


Bu gün, 14:00

"Kim deyib ki, Azərbaycan mütləq birinci və ya ikinci olmalıdır? Bu o demək deyil ki, mahnı zəifdir və ya ifaçı pis oxuyub. Elə iştirakçılar olub ki, çox yaxşı çıxış edib, amma 15-ci, 20-ci yerləri tutub”.

Bu sözləri “Yeni Sabah”a Xalq artisti, bəstəkar Faiq Sücəddinov deyib.

Onun fikrincə, Azərbaycanın “Avroviziya”da mənfi nəticələrini şişirtmək və hər dəfə uğursuzluq kimi təqdim etmək doğru yanaşma deyil:

“Artıq birinci də olmuşuq, ikinci də, dördüncü də. Buna görə hər dəfə qalib gəlməməyi faciəyə çevirmək lazım deyil. Məncə, Azərbaycanı təmsil edən mahnıda milli çalar olmalıdır. Bu o demək deyil ki, mütləq muğam oxunmalı və ya balaban səslənməlidir. Amma musiqidə Azərbaycanın nəfəsi hiss olunmalıdır”.

Bəstəkar milli musiqi ilə estrada janrının uğurlu şəkildə birləşdirilməsinin vacibliyini vurğulayıb:

“Müasir estrada mahnısı ola bilər, amma onun ruhunda Azərbaycan musiqisi yaşamalıdır. “Avrovizya”da səsvermə meyarları fərqlidir. Bəzən insanlar mahnıya yox, ifaçıya olan simpatiyasına görə səs verir. Buna görə nəticələri yalnız musiqi ilə əlaqələndirmək düzgün deyil”.

O, Alim Qasımovu “Eurovosion”a göndərmək istəyənlərə də cavab verib:

“Yox, Alim Qasımov Avropa musiqisi üçün deyil. O, tamamilə başqa ifa tərzli müğənni, muğam ifaçısıdır. Musiqini qarışdırmaq olmaz. Heç istəmərəm ki, musiqimiz ölkədən kənarda yanlış şəkildə təqdim olunsun, bizim musiqi eşidiləndə kimsə dodaq büzsün.

Məsələ ondadır ki, Avropa meyarları bambaşqadır. Bu, çox vaxt yalnız musiqidən asılı olmur. Səsvermə sistemi var, bəzən simpatiya rol oynayır, bəzən isə insanlar sadəcə tanışlıq və ya emosional bağlılığa görə səs verirlər. Yəni bu prosesdə müxtəlif faktorlar mövcuddur.

Fikrimcə, “Avroviziya”ya çıxmaq üçün müəyyən motivasiya olmalıdır. Orada çıxış edən ifaçıda həm də xüsusi bir təqdimat, fərqli bir enerji olmalıdır. Bu, təkcə səs məsələsi deyil, ümumi təsirdir. Amma bir şeyi dəqiq bilirəm ki, Azərbaycan musiqisi mütləq şəkildə beynəlxalq səhnədə olmalıdır. Mütləq şəkildə təmsil olunmalıdır. Lakin bu məsələdə dar çərçivəyə düşməməliyik”.


Geri qayıt