Əsas Səhifə > Güney Press / Ana xəbər > “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?

“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?


Bu gün, 16:41

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramiz oğludur.

Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirilir. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs həbsdə mühakimə ediləcək.

Qeyd edək ki, bu epizodların və təqsirləndirilən şəxslərin sayına görə ötən il üstü açılan ən böyük cinayət işlərindən biridir. Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.


Geri qayıt