Əsas Səhifə > Güney Press > Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaqBu gün, 15:33 |
|
Türkiyə ilə Ermənistan arasında sərhəd iyunun 7-də keçiriləcək parlament seçkilərindən və konstitusiya dəyişikliklərindən sonra açılacaq. Bu barədə Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov bildirib. Diplomat qeyd edib ki, Azərbaycan Türkiyə ilə daim əlaqədədir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də davam edir. Rəşad Məmmədov bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri yolu ilə Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıralacağı gözlənilir. Səfirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əvvəllər ABŞ-də razılaşdırılmış sülh müqaviləsi imzalanacaq. Azərbaycanlı diplomat deyib ki, bu proses başa çatdıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri də açılacaq. Qeyd edək ki, Azərbaycan səfirinin açıqlaması Ermənistan-Türkiyə sərhədinin açılması prosesinin ilk növbədə qarşıdan gələn parlament seçkilərindən asılı olacağını deməyə əsas verir. Məlum olduğu kimi, seçki yarışı əsasən Baş nazir Nikol Pşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının timsalında sülh tərəfdarları və Azərbaycana qarşı ərazi iddialarını davam etdirən revanşist müxalifət arasında gedir. Sabiq prezident Robert Köçəryan və “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişindən imtina edəcəklərini deyirlər. Yəni müxalifət müharibə vəd edir. Belə olan halda, Türkiyə ilə sərhədlərin açılması da mümkün olmayacaq. Yəni kommunikasiyaların və sərhədlərin açılması sülh tərəfdarlarının seçkilərdə qalib gəlməsindən asılıdır. İndiki halda Paşinyanın komandasının hakimiyyətdə qalması Ermənistan tərəfdən sülhün yeganə təminatıdır. Rəsmi Ankara da məhz seçkilərin nəticəsini gözləyir. Əgər müxalifət seçkilərdə qələbə qazansa, yeni konstitusiyanın qəbulu baş tutmayacaq. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqllik Bəyannaməsinə istinad hissəsi, yəni preambula mətndən çıxarılmayacaq. Eyni zamanda, Nikol Paşinyan Ermənistanın dövlət gerbindən Türkiyəyə ərazi iddiası hesab edilən Ağrı dağının təsvirinin çıxarılmasını təklif edir. Bunun üçün Ermənistan konstitusiyasının 21-ci maddəsinə dəyişiklik edilməlidir. Müxalifət hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın gerbi əvvəlki formasda saxlanılacaq. Üstəlik, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma erməni soyqırımının dünyada tanınması qarşıya siyasi vəzifə kimi qoyulur. Eyni zamanda, Türkiyənin 6 vilayəti “Qərbi Ermənistan” adılandırılır. Ona görə də Türkiyə tərəfi konstitusiyadan bu iddialar çıxarılmayana qədər sərhədləri açmayacağını bəyan edir. Paşinyanın hakimiyyətdə qalması 2026-cı ilin payızına qədər referendumun keçirilməsi deməkdir. Eyni zamanda, revanşist müxalifətin məğlubiyyəti konstitusiya layihəsinin qəbulu üçün Paşinyanın sabit elektorata malik olduğunu göstərəcək. Bu baxımdan, seçkilərdən sonra, yəni referenduma qədər Türkiyə ilə Ermənistan arasında sərhədlərin mərhələli şəkildə açılması prosesinə başlanıla bilər. Belə ki, tərəflər 2022-ci ildə diplomatik pasporta malik üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən maneəsiz keçidinin təmin edilməsi haqqında razılığa gəlib. Seçkilərdən sonra bu razılaşmanın icrasına başlanılması mümkündür. Eyni zamanda, Türkiyə və Ermənistan arasında idxal-ixrac əməliyyatlarının üçüncü ölkə vasitəsilə deyil, müvəqqəti qaydalar əsasında yəni referenduma qədər birbaşa sərhəddən keçməklə həyata keçirilməsinə başlaya bilər. Bütün bu proseslərin reallaşması seçkilərdən sonra regionda formalaşacaq yeni status-kvodan asılı olacaq. Müşfiq Abdulla Geri qayıt |