Əsas Səhifə > Güney Press > Dövlətin yol getdiyi Adam...
Dövlətin yol getdiyi Adam...Bu gün, 11:48 |
|
İstedadlı şair və publisist, jurnalist həmkarımız Qulu Ağsəsin mənimlə müsahibədə gözəl bir fikri olub: “Ya bu həyatla yola gedirsən, ya da bu həyatı yola verirsən gedir!”
Bəli, nəinki bu həyatı yola verirsən, ya da yol gedirsən, eləcə də bu Dövləti ya yola verirsən, ya da bu Dövlətlə yol gedirsən! O ayrı məsələ ki, bir ölkənin neçəsə milyonluq xalqının içindən Dövlət Baba özü kimi seçir yol getməyə!
Dövlət Baba bu xalqı yola verir... yol getdiyi adamlarla! Ən böyük uğuru da yolayrıclarında, döngə-dönəmlərdə taleyin ümidinə buraxmır yol getdiklərini!
Əslində, həm xalqın timsalında, həm də ayrıca bir regionun-bölgənin nümunəsində isbatlamaq çox rahatdır: biz toplum və cəmiyyət olaraq, yol gediləsi, yola gediləsi, yola veriləsi çox çətin adamlarıq - ən azı, 28 ölkənin xarici xüsusi xidmət orqanları ölkəmizdə kök atıb ən müxtəlif layihələrlə: adını demokratik dəyərlər, insan hüquq və azadlıqları, seçki monitorinqi, inteqrasiya, qloballaşma və s bəlgələrlə əyarlayır! Ona görə də bu ölkədə nazir, deputat, siyasətçi olmaq o qədər də çətin deyil İcra Hakimiyyəti Başçısı görəvinə baxanda!
Ən çətini və məsuliyyətlisi, eyni zamanda, ən təhlükəlisi elə İcra Hakimiyyətinin Başçısı olmaqdır! Təsəvvür edin: sizə 100-200 min əhalisi olan bir rayon veriblər və bu rayonda nəinki qonşu qonşunu yola vermir, qardaş qardaşı çəpər davasında qəbrə qoyur, direktor müəllimlə, həkim xəstəylə qovğa edir, qeydiyyata alınmış 20 iqtidaryönlü, qeydiyyata alınsa da, 20 müxalifyönlü partiya təmsilçiləri bir-biri ilə canavar sürüsü sayaq davranır: hamı burun-buruna! Bir kimsə başqasına boynunun ardını göstərmir, hamının əli şapalaq, qapaz vurmağa hazır! Üstəlik də “siyasi tektonik bölgə” statusunda olan rayonlar var – separatçılıq konsepsiya kimi bu bölgələrdə düşmən qonşular tərəfindən çoxdan əkinçilik toxumu! Hələ bunun dini təriqət və sekta tərəfi də o yandan öz meteohəssaslığıyla!
Bu mənada, həm siyasi tektonik, həm də dini meteohəssas rayon olaraq, Lənkəran, əlbəttə ki, Dövlət Babanın nəzərində xüsusi önəm daşıyır. Fikir versəniz, görərsiniz ki, müstəqillik dönəminin ilk illərində Dilrübə Camalovanın 5 illik başçılığı istisna olmaqla, heç bir başçı uzun müddətə rəhbər statusunda qalmayıb, saxlanılmayıb. Lənkəran, sözün məcazi mənasında, mükafat olaraq, ya “arıq eşşəyin oylağı”, ya da siyasi triumf üçün tramplin olaraq, vəzifə ierarxiyasının bir pilləsi olub. Və bütün hallarda, ac gəlib tox gedən, yoxsul gəlib varlı qayıdan, adi olub aliliyə yüksələn hər birinin yaratdığı, qoyduğu ağır problemləri həll etmək haçansa kiminsə boynuna düşərək, ondan təsərrüfatçılıq, rəhbərlik məharəti ilə bərabər, özündən əvvəlkiləri suçlamadan, mənsub olduğu iqtidarın kadr siyasətini konu etmədən, həll etməyi tələb edəcəkdi.
Rayon əhalisinin yadından çıxmaz, siyasi icmalçıların və müxaliflərin də: XXI əsrin ilk on ilində Lənkəran 4 icra başçısı gördü! Heç biri də (komandasındakı rəhbər işçilərlə birgə) təmsil olunduğu hakimiyyətə nüfuz gətirmədi nədi, az-çox “mağmın” sayılanları da söydürdü, biri ağacları kəsdi satdı, biri masaj salonu adı ilə fahişəxana işlətdi, biri Moskvanın “məhəllə bazarı” layihəsi ilə şəhərin ortasında “torqovıy ryad”lar açdı (hələ də üfunət iyini yığıb-yığışdırmaq olmur), biri arvadını kimlərə tapşırdı oyanlarda, neylədi, burdan “evlənmişdir” şayiəsi ilə “arvad” tərəfin toxum-tayfasının adına Lənkəranda torpaqlar, obyektlər sonaladı, hələ də satışa çıxardığı o obyektləri-torpaqları, evləri satıb qurtara bilmir, biri özüylə daşıdı apardı, altdan-altdan özünə siyasi komanda qurmaqla məşğul oldu, rayonlara səpələyir, biri cinayətkar dələduzlar şəbəkəsini qorumaqla “Hacı Məmmədovluq” edir hələ də və... 2000-in həmin o ilk 10 ilində baş verən idarəetmə başıpozuqluğundan azı 10 yazı yazmışam: sonuc həbsimlə nəticələnmişdir!
Həbsdən çıxdığımda YENİ BİR İCRA BAŞÇISI gördüm!
Təbii ki... mən “İcra Hakimiyyəti Başçısı” obrazına, Dini “İcra Başçısı” surətinə öfkəylə çıxdım həbsdən... gözümdə çəhrayı eynəklə!
Zaman-zaman “marıqda bəkləsəm də”, anladığım daha bir şey oldu: Dövlət Baba özü bilir nəyi nə vaxt necə eləsin, kimi nə vaxt balağından dara çəksin.
Həm də və eyni zamanda... sırf radikal müxalifətçilik dönəmimdən öyrəndim: şikayətçi olan hər bir vətəndaş haqlı deyil!
Mənim qarşımda tamam yeni bir icra başçısı vardı – rəhmətlik həmkarımız Mahal İsmayıloğlunun yazdığı kimi, klassik “icra başçısının anatomiyası” öz reallığını itirmişdi!
Əslində, Taleh Qaraşov mənə yad olduğu qədər həm də tanış idi: ilk dəfə o obrazı mən 1993-cü ildə Cəlilabadın icra başçısı Rahim Nuriyevdə, ikinci dəfə Tovuzun icra başçısı rəhmətlik Tofiq Zeynalovda gördüm. Bu adamların İLK üstünlüyü bu: onlar siyasi əqidələrinə, tabe olduğu rəhbərə sadiq adamlardır. Onları tənqid, kompomat və “yarıtmaz fəaliyyət” adı altında digər təsir mexanizmi ilə provokasiyaya çəkmək olmur. “Nüfuz alveri” onlara keçmir! Ölkədə “demokratiya və söz azadlığı” konu olmasın deyə, məhkəmə presedentinə də əl atmırlar. Ən pis halda... adamla görüşür, Rahim Nuriyev, Tofiq Zeynalov kimi, gülə-gülə söhbət edir və BÜTÜN NÖQSANLARI özləri sənə çatdırır! Səmimi şəkildə, bütün çılpaqlığıyla və...
40 illik jurnalistlik fəaliyyətimdə üçüncü və sonuncu icra başçısı Taleh Qaraşov olub! Ki... əleyhinə sifarişlə yazmadığıma, sadəcə, özümün “öfkəm” səbəbindən üsyan etdiyimdən əmin olandan sonra... hətta mənim də yazmağa cəsarət etmədiyim səmimlikdə bulundu!
Sonucda bu Dövlət BİZİM! Dövlətin düşmənləıri varsa, o düşmənlərə içimizdən dəstək olanlar varsa, hələ onları tam zərərsizləşdirə bilməmişiksə, fasadda və vitrində olanlara aldanmamalı və DOĞRU ZAMANI gözləməliyik!
ETİRAF EDİM ki... mənim peşəkar jurnalist olaraq, insanlıq baxımından, ÜZDƏN kobud və bağışlanmaz, qanuni tərəfdən cinayət məsuliyyəti yaradan bir “kozır”ım var: adamı provokasiyaya çəkib müzakirəni-mübahisəni-müharibəni məhkəmə müstəvisinə daşımaq! Ki... məhkəmə istintaqı vaxtı DOĞRU OLANLARI məhkəmə protokoluna saldırmaq! Əgər bu gün jurnalist kimi, mənim yazdığım doğrulara görə cəza verilmirsə, tədbir görülmürsə, qoy məhkəmə arxivlərində gələcək üçün qalsın! O məhkəmə presedentinə də DÖVLƏT ADAMI olmayan hər kəs gedir – Rahim Nuriyevdən, rəhmətlik Tofiq Zeynalovdan və Taleh Qaraşovdan başqa hər kəs! Bariz nümunəsi Qubanın, Goranboyun icra başçıları! Hələ qalanlarını demirəm!
Mən, adətən, bir mövzudan, bir problemdən, bir adamdan bir dəfə yazmağı tərcih edirəm, amma və lakin Taleh Qaraşovdan dəfələrlə yazmışam: fəqət düşmən gözüylə baxdığım Taleh Qaraşov bütün “radikallıq öfkəmi” icra başçısı-jurnalist levelində yox, DÖVLƏT-VƏTƏNDAŞ kodeksi ilə tənzimləyib!
Taleh Qaraşov mənə bir çox şeyləri sübut edib!
Sübut etdiyinin birincisi bu: O, Müzəffər ABK, Cənab Prezident İlham Əliyevin təyin etdiyi nümayəndəsidir, Söz Onun Sözüdür, tapşırıq Onun tapşırığıdır, səhərdən axşama, axşamdan səhərə, nə qədər istəyirsən yaz, istər tənqid olsun, istər böhtan!
Taleh Qaraşovun mənə sübut etdiyi ikinci bir fakt: hər şikayətçi haqlı deyil!
Əsl mənim kredom: “generalı əsgərə qurban verməzlər”.
Məhz Taleh Qaraşovun səbri, zamana buraxması, siyasi yetkinliyi, xarizması mənə anlatdı: bu ölkədə əgər sənin yanına şikayətə gəlirlərsə, sən də durub qılıncını, yəni, qələmini siyirib bu “komplo”larla “general”ın, yəni, başçının üstünə cumursansa, əmin ol, o “zərərdidə” nəinki icra nümayəndəsi, hətta heç bir səlahiyyəti olmayan icra nümayəndəsinin müavini işinə görə, qıpqırmızı sənin üzünə durar, hələ bu azmış kimi, durub status da yazar!
Hə-ə, o ayrı məsələ ki, ortada problem var, sən də xalqına yardımçı olmaq istəyirsən, onda araşdır, problem necə yaranıb, niyə indiyə qədər həll olunmayıb, cavabdeh kimdir?
SÖZARASI: AXC hakimiyyətdə olanda Yasamal bazarında ayaqyolunda yanğın olmuşdu. “Azadlıq” qəzetinin müxbiri götürüb hökümət telefonu ilə zırtazırt Baş nazir Pənah Hüseynə zəng edir. Pənah bəy də xarici qonaqlarla söhbət edirmiş. Bir dəfə, iki dəfə “otboy” verir və nəhayət, qonaqları yola salandan sonra gəlir “Azadlıq”ın redaksiyasına. İzah edir: a kişi, Yasamalda bazarda tualet yanıb, Yasamal yanğınsöndürmə idarəsi var, Yasamal polis idarəsi var, Yasamal İHB-nin şəhər təsərrüfatı üzrə müavini var, ticarət şöbəsinin müdiri var, ən nəhayət, Yasamal İHB var, Baş nazirdən nə soruşacaqsan, Baş nazir sənə nə deyəcək tualetdəki yanğından?
İndi rayon camaatının əksəriyyəti həmin o “Azadlıq”ın müxbiri ağlındadır – nə oldu, cum icra hakimiyyətinə! Fərqində də deyil ki, artıq icra hakimiyyətləri işığa, qaza, təhsilə, səhiyyəyə və s və s cavabdeh deyil! İcra Başçısının səlahiyyətləri və mükəlləfiyyətləri barədə Nizamnamədən çıxarış hər kəndin girəcəyində və çıxacağında yazılsa, yaxşı olar – bu barədə sonra! Deməyim o ki... Taleh Qaraşov indiki icra başçıları içərisində rəhbər olduğu siyasi tektonik və dini meteohəssas rayonda sabitliyin təminatçısıdır!
Həm Dövlət onunla yol gedir, həm də O... rayon camaatı ilə həm yola gedir, həm də yola verir!
Nəzərinizə çatdırım ki... Lənkəranda YOL GEDİLƏSİ dövlət adamı azdır, baxma deputat olanı, nazirlikdə işləyəni və s. rəhbər vəzifə sahibi var, ancaq yola veriləsi adamları yola gediləsi adamlardan qat-qat çoxdur – səbəblərini yazı boyunca yazmışam!
Təbii ki, bu gün Taleh müəllimin ad günüdür və bu ad günü də bu yazını yazmaq üçün bəhanədir – biz elə adamlarla elə zəmanədə yaşayırıq ki, nə təbrik mədəniyyətinə sayğı duyurlar, nə də başsağlığı qanacağına!
Əlimi ürəyimin üstünə qoyub, ürəkdən təbrik edirəm, Taleh müəllimə can sağlığı, uzun ömür, Zamanın və Dövranın Onun olmasını, növbəti yaşında ötən ildəkindən daha çox yaşamasını, ürəyinin və ruhunun rahat olduğu məkana sahibliyini arzulayıram Dövlət Babanın BİRGƏ YOL getdiyi Adama!
Ən azından ona görə ki... üzümüz-gözümüz öyrəşib, digərlərindən fərqli olaraq, nə rəhbər olduğu vaxtda problem yaradır rayon üçün, nə də illər sonra üçün problem saxlayır!
Hər halda, bu da az deyil!
Təbriklər, Ağsaqqal!
p.s. “Lənkəran Şəhər İcra Hakimiyyəti” facebook səhifəsinin izləyiciləri şahiddir ki, Taleh Qaraşov hər zaman xalqla təmasdadır! Bu nümunə qonşu rayonlara da sirayət edib. Qonşu Masallıda da bu tədbirlər vüsət almaqdadır! Mən bu görüşlər barədə məmnunluqdan başqa bir xəbər eşitmədim! Elə bu da təbrik etmək üçün çoxdan çox sanballı faktdır!
Müəllif: Aydın CAN - "DİA-AZ"
Geri qayıt |