Əsas Səhifə > Güney Press > Köçəryan seçki sandığını terrorla əvəzləyir:

Köçəryan seçki sandığını terrorla əvəzləyir:


Bu gün, 11:28

“Köçəryan məğlub olacağını anladığı üçün Paşinyanla cinayət ritorikası ilə danışır”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq Ermənistanın baş nazir postuna namizədlərdən biri olan Robert Köçəryanın Paşinyanı ölümlə hədələməsi barədə erməni mediasında yayılan məlumatları kəskin tənqid edib:

“Köçəryanın son açıqlamaları onun əsl mahiyyətini bir daha üzə çıxarır. Bu bəyanatlar onun separatçı, işğalçı və kriminal xunta rəhbəri olduğunu növbəti dəfə təsdiqləyir. Köçəryan Paşinyanı ölümlə hədələməklə ölkədə radikalizmi alovlandırmağa çalışır. O, bu cür manipulyasiyalar vasitəsilə Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə yaratmaq məqsədi güdür.

Bu ritorika Köçəryanın nə dərəcədə cinayətkar təfəkkürə malik olduğunu göstərir və onun seçkilərdə sağlam rəqabət aparmaq niyyətində olmadığını sübut edir. Aydın məsələdir ki, Köçəryanın cəmiyyət arasında ciddi seçici dəstəyi yoxdur erməni xalqı onun əsl xislətinə bələddir. O, xarici havadarlarının diktəsi ilə çıxış edərək cəmiyyətdə parçalanma yaratmağa, revanşist və radikal hissləri qızışdırmağa cəhd göstərir.

Seçkilər yaxınlaşdıqca revanşist qüvvələr fəallaşır. Əli Azərbaycan xalqının qanına batmış, soyqırımı və müharibə cinayətləri törətmiş Köçəryan və Sarkisyan kimi ünsürlər yenidən baş qaldıraraq münaqişə ocağını alovlandırmaq istəyirlər. Hazırda erməni cəmiyyətində Paşinyana etimad daha yüksəkdir və o, seçkiöncəsi marafonda öz seçici kütləsini genişləndirmək istiqamətində addımlar atır. Paşinyanın seçkidə qalib gəlmə ehtimalı olduqca yüksəkdir. Reallığı dərk edən revanşistlər isə cinayət ritorikasına əl ataraq onu yolundan çəkindirməyə çalışırlar”.

Qeyd edək ki, Köçəryanın Paşinyanı ölümlə təhdid etməsi barədə məlumatı Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü və deputatlığa namizəd Anahit Adamyan səsləndirib.


Geri qayıt