Əsas Səhifə > Güney Press > Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi,

Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi,


Bu gün, 10:34

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Yunis Mehrabovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd: Yunis Mehrabov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə, nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməli törətməkdə ittiham olunub.


İttihama əsasən, o, tamah niyyəti ilə zərərçəkmiş Zahir Nuralıyevin etibarını qazanaraq ona Dövlət Vergi Xidmətində geniş əlaqələrinin olduğunu bildirib, vergi borclarının silinməsi məsələsini həll edə biləcəyinə dair həqiqətə uyğun olmayan vədlər verib.


İş materiallarına görə, hadisə zərərçəkmişin MMC-sinin mövcud vergi öhdəlikləri ilə bağlı yaranıb. Belə ki, 2023-cü ilin dekabr ayının sonlarında Zahir Nuralıyev şirkətin 32 000 manat məbləğində vergi borcunun silinməsi məqsədilə Yunis Mehrabova müraciət edib. Təqsirləndirilən şəxs həmin məsələnin həlli ilə bağlı hər hansı səlahiyyətə malik olmadığı halda, borcun silinməsini təşkil edə biləcəyini bildirərək zərərçəkmiş şəxsdə inam yaradıb.


Bu məqsədlə tərəflər arasında görüşlər keçirilib və Yunis Bakı şəhərində yerləşən MMC-nin ofisində ilkin mərhələdə Zahir Nuralıyevdən 8 000 manat pul alıb. Bir neçə gün sonra isə eyni ünvanda əlavə olaraq daha 7 000 manat pul vəsaiti götürüb.

Beləliklə, vahid niyyətlə həyata keçirilmiş əməl nəticəsində ümumilikdə 15 000 manat pul vəsaitinin ələ keçirildiyi, bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulduğu bildirilib.


İstintaq orqanı tərəfindən Yunis Mehrabova Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


Məhkəmə iclasında ifadə verən Yunis elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.


Onun sözlərinə görə, zərərçəkmiş Zahir Nuralıyevi təxminən 4 ildir ki, tanıyıb və sonradan aralarında işgüzar münasibətlər formalaşıb. O bildirib ki, zərərçəkmiş şəxsə məxsus şirkətdə mühasib kimi fəaliyyət göstərib və həmin dövrdə MMC rəhbərinin fiziki şəxs kimi VÖEN-i üzrə vergi borcları yaranıb. Həmin dövrdə vergi borcunun məbləği təxminən 16 000–17 000 manat olub və Yunis bu borcun silinməsində kömək edə biləcəyini deyib.


O söyləyib ki, bu məqsədlə zərərçəkmiş şəxsdən təxminən 6 000 manat alıb və sonradan müvafiq sənədləri hazırlayaraq Vergi Xidmətinə təqdim etsə də, məsələni həll edə bilməyib.


Yunis Mehrabov məhkəmədə həmin pul vəsaitini “Topaz” mərc oyunlarına yatırdığını etiraf edib. Sonradan aldığı məbləğin təxminən 2 500 manatını hissə-hissə qaytarsa da, 3 500 manat borc qalıb.


Təqsirləndirilən şəxs daha sonra Zahir Nuralıyevin onu yenidən işə qəbul etdiyini və sonrakı mərhələdə şirkətin hüquqi şəxs qismində fəaliyyət göstərməsi dövründə yenidən vergi məsələlərinin həllində iştirak etdiyini bildirib.


İfadəsində qeyd edib ki, 2024-cü ilin iyul ayında şirkətin əlavə vergi borclararı ilə bağlı yenidən ona müraciət olunub. Hesabatlara baxarkən hüquqi şəxsin əlavə 11 000 manat borcu olduğunu müəyyən etdiyini və ümumi vergi borcunun 23 000 manata çatdığını söyləyib.


Yunisin sözlərinə görə, həmin borcun təxminən 4 000 manatlıq sosial ödəniş hissəsinin mütləq ödənilməli olduğunu deyib və bu məqsədlə zərərçəkmiş şəxs onun bank kartına təxminən 4 000 manat vəsait köçürüb.


Yunis Mehrabov həmin vəsaitin ödənildiyini, nəticədə vergi borcunun bir hissəsinin azaldığını bildirib.


O, həmçinin zərərçəkmiş şəxsə əməkhaqqının 2 400 manat göstərilməsinin vergi baxımından daha məqsədəuyğun olacağını dediyini və bu səbəbdən onun kartına əlavə olaraq 2 400 manat vəsait köçürüldüyünü qeyd edib.


Yunis məhkəmənin sonrakı iclaslarında əvvəlki ifadələrinə müəyyən düzəlişlər edərək deyib ki, aldığı 4 000 manat vəsaiti qaytara bilməyib, həmçinin kart hesabına köçürülən məbləğin 2 600 manat olduğunu göstərib.


O əlavə edib ki, borclardan biri Zahir Nuralıyevin fərdi vergi öhdəliyi, digəri isə MMC-yə aid olub.

Təqsirləndirilən şəxs həmçinin 2 400 manat vəsaiti də geri qaytara bilmədiyini etiraf edib.


Məhkəmə istintaqının yekun mərhələsində isə Yunis Mehrabov elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib və vurulmuş ziyanın ödənilməsi üçün ona vaxt verilməsini xahiş edib.


İş üzrə məhkəmə araşdırmaları davam etdirilib, tərəflərin ifadələri və digər sübutlar əsasında işin halları məhkəmə tərəfindən qiymətləndirilib.


Geri qayıt