Əsas Səhifə > Güney Press > Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı:
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı:Bu gün, 09:52 |
|
Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sabir Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "DİA-AZ" pravda.az-a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd: Sabir Nəbiyevə qarşı irəli sürülmüş ittihama əsasən, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq əməli törətməkdə təqsirləndirilir.
Belə ki, Sabir mobil telefonunun kamerasının işləmədiyini və qısa müddətlik telefona ehtiyacı olduğunu bildirərək, bir neçə saat ərzində geri qaytaracağına dair vəd verib zərərçəkmiş şəxsi aldadıb. Hadisə 2025-ci ildə tərəflərin paytaxtın Binəqədi rayonu ərazisində birgə yaşadığı ünvanda baş verib. Təqsirləndirilən şəxs S.S.-ə məxsus, “Kontakt Home” mağazalar şəbəkəsindən nisyə alqı-satqı müqaviləsi əsasında aldığı “İphone 13” markalı mobil telefonu, üzərində olan mobil nömrə ilə birlikdə götürərək ələ keçirib. Müəyyən edilib ki, həmin telefonun ümumi dəyəri 1811,39 manat təşkil edib. Zərərçəkmiş şəxs hadisə vaxtına qədər cihaz üzrə 908 manat ödəniş etsə də, 903,39 manat məbləğində kredit borcu qalıb. Sabir mobil telefonu aldıqdan sonra onu istintaqa məlum olmayan şəxsə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib. Nəticədə S.S.-ə 912 manat, mobil telefonun kredit borcu ilə bağlı isə hüquqi şəxsə 903,39 manat məbləğində maddi ziyan vurulduğu göstərilib. İttihamda qeyd olunub ki, Sabir bununla kifayətlənməyərək təkrarən oxşar üsulla daha bir dələduzluq əməli törədib. Belə ki, o, “TikTok” sosial şəbəkəsində fəaliyyət göstərən dekorla bağlı səhifənin sahibi ilə əlaqə yaradıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxs həmin şəxsin tanışı olan digər istifadəçinin profil şəklini götürərək “Whatsapp” tətbiqində öz profilində istifadə edib və özünü zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) tanışı kimi təqdim edib. Daha sonra Sabir guya yol-nəqliyyat hadisəsi törətdiyini və yaranmış vəziyyətlə əlaqədar təcili pula ehtiyacı olduğunu bildirərək zərərçəkmişi aldadıb. Məlumata əsasən, hadisə vaxtı T.T. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı–Sumqayıt yolunda yerləşən “My Beach” istirahət məkanında olub. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq zərərçəkmişə məxsus “M10” elektron pulqabısından öz istifadəsində olan hesaba iki ayrı əməliyyatla pul köçürülməsinə nail olub. Ümumilikdə 800 manat məbləğində pul vəsaitini ələ keçirən Sabirin bu əməllə zərərçəkmişə maddi ziyan vurduğu bildirilib. Məhkəmə baxışı zamanı o, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. İş üzrə məhkəmədə dindirilən şahid Aminə İsayeva (adı, soyadı şərtidir) təqsirləndirilən şəxslə bağlı əlavə hallar barədə ifadə verib. Şahid bildirib ki, əvvəllər bir iş yoldaşı onun adına bankdan kredit götürsə də, sonradan kredit ödənişlərini etməyib və əlaqəni kəsib. Bank əməkdaşlarının ona və yaxınlarına zəng etməsindən sonra həmin şəxsi sosial şəbəkələr vasitəsilə axtarmağa başlayıb. Qadının sözlərinə görə, bu zaman taksi sürücüsü kimi çalışan Tahir (şərti) adlı şəxslə tanış olub. Həmin şəxs ona başqa bir nəfərin borclunun pulu ödəməsinə təsir göstərə biləcəyini deyib. Şahidin ifadəsinə əsasən, sonradan Sabir özünü “Ağdamlı Əliyev Nurlan” kimi təqdim edib, guya 9 ildir ki, türmədə olub, “vor-zakon”dur və kriminal aləmlə əlaqələrinin olduğunu bildirib. Məqsəd iş yoldaşını qorxudaraq kredit borcunu ödətmək olub. Aminə İsayeva qeyd edib ki, bundan sonra həmin şəxsə etibarı artıb və aralarında əlaqələr davam edib. Təqsirləndirilən şəxs ona Mərdəkanda villası olduğunu, valideynlərinin Rusiyada yaşadığını, imkanlı şəxs olduğunu bildirərək kart nömrəsini istəyib və ailəsi gələndən sonra pul göndərəcəyini vəd edib. Şahid onun sözlərinə inanaraq bank kartının məlumatlarını təqdim etdiyini, lakin karta daxil olan vəsaitlərin qısa müddət sonra təqsirləndirilən şəxsin göstərişi ilə “M10” hesabına köçürüldüyünü deyib. Bundan əlavə, şahid qeyd edib ki, Sabir ona məxsus təxminən 220 manat dəyərində qulaqcığı və 150 manat pulu da götürüb. O, qulaqcığı sataraq pulunu qaytaracağını desə də, sonradan nə əşyanı geri verib, nə də vəsaiti ödəyib. Aminə İsayeva bu faktlarla bağlı ayrıca qaydada Binəqədi Rayon Prokurorluğuna müraciət etdiyini, hətta kirayə yaşadığı evin ödənişində çətinliklərlə üzləşdiyini bildirib. Beləliklə, məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxsin müxtəlif şəxslərin etibarından istifadə etməklə, özünü fərqli şəxslər kimi təqdim etməsi, sosial şəbəkələr və elektron ödəniş vasitələrindən yararlanmaqla əmlak və pul vəsaitlərini ələ keçirməsi ilə bağlı hallar araşdırılıb. Geri qayıt |