Əsas Səhifə > Güney Press > Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulubBu gün, 17:13 |
|
“Samvel Karapetyan, Qaqik Sarukyan, Serj Sərkisyan və Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Ermənistandan qaçmaq haqda düşünəcəklər”. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Davtaşendə keçirilən seçki mitinqində deyib. “Onların arzusu gerçəkləşməmiş qalacaq, Ermənistandan qaça bilməyəcəklər, çünki Ermənistan Respublikası onları indiyə qədər məsuliyyətə cəlb etdiyi kimi, bundan sonra da məsuliyyətə cəlb edəcək”, - o bildirib. Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Nikol Paşinyanın bu açıqlaması həmin şəxsləri məsuliyyətə cəlb etmək üçün hüquqi faktların olduğuna dəlalət edir” “ indiki vəziyyətdə bu şəxslərin öz iradələri ilə deyil, başqa dövlətlərin emissarları olaraq çıxış etdikləri, eyni zamanda Ermənistanın suverenliyinə ciddi təhlükə törətdikləri prizmasından baxanda, əlbəttə müəyyən mənada Nikol Paşinyan haqlıdır. Çünki bu şəxslər öz siyasi müstəqil iradələri ilə heç bir zaman Ermənistanda siyasi mübarizəyə qoşulmayıblar. İstər Koçaryan, istər Sarkisyan hər zaman Rusiyanın geosiyasi maraqları kontekstində siyasi alət olaraq çıxış ediblər. Öncə Qarabağda dırnaqarası qəhrəmanlaşdırılaraq, sonradan Ermənistan hakimiyyət qollarına transfer edilməklə, nəticə etibarilə hakimiyyət çevrilişi ilə iqtidara gətiriliblər. Ard-arda 20 ilə yaxın Ermənistan Rusiyanın maraqları kontekstində idarə olunub. Qagik Sarukyan isə bu prosesin hər zaman tərkib hissəsi, Koçaryan və Sarkisyan hakimiyyətinə dəstək ünsürü olaraq çıxış edib. Əlbəttə, Qagik Sarukyan haqqında da çox ciddi hüquqi faktların olması şübhə doğurmur. Ən nəhayət, Samvel Karapetyanın seçkilər öncəsi Ermənistanda görünməsi heç kimdə şübhə doğurmur ki, bu, bilavasitə Vardanyan planının iflasa uğramasından sonra alternativ olaraq ortaya çıxarılmasıdır. Ona görə də Nikol Paşinyan konkret hüquqi faktlara əsaslanır. Ancaq hər bir halda seçki prosesində bu cür açıqlamalar həmin siyasi qüvvələrə və şəxslərə təzyiq elementi kimi görünür. Çünki sual oluna bilər ki, əgər həqiqətən də cinayət məsuliyyəti yaradacaq ciddi hüquqi faktlar varsa, onda niyə bu günə qədər həmin şəxslər azadlıqdadır? Və bu şəxslərin cinayət məsuliyyətinə məhz seçkidən sonra cəlb ediləcəyi məsələsi bir tərəfdən ciddi təzyiq olmaqla bərabər, digər tərəfdən demokratiya adına müəyyən suallar da yaradır. Ancaq hər bir halda indiki vəziyyətdə “katolik papasından çox katolik olmağa ehtiyac yoxdur”. Çünki Ermənistanın gələcəyi, inkişafı, müstəqilliyi və suverenliyi söhbət predmetidir. Ermənistanda hakimiyyət məsələsi həm də regionda sülhün nə qədər dayanıqlı olacağını sınağa çəkəcək”. Analitik qeyd edib ki, Ermənistanın gələcəyi söhbət predmetidirsə, yeri gəlsə, bu cür təzyiq elementlərindən istifadə legitim sayıla bilər: “Çünki masada Ermənistanın öz gələcək taleyi, erməni xalqının gələcəyi, eyni zamanda regionun gələcəyi var. Belə bir vəziyyətdə tərəzinin bir gözündə Rusiya casus şəbəkəsinin üzvləri, digər gözündə isə Ermənistanın gələcəyi varsa, söhbət əlbəttə ki, Ermənistanın gələcəyinin yanında olmaqdan gedir. Məhz inkişafı və sülhü seçən siyasi güc mərkəzlərinin hakimiyyətdə olması qəbul ediləndir. Ona görə də bu cür təzyiq elementlərini məqbul saymaq olar. Çünki sözün əsl mənasında bu şəxslər cinayətkardırlar və bu, konkret hüquqi faktlarla sübut olunub. Sadəcə, həbs olunub uzun müddət həbsdə saxlanıla bilmədilər. Bunun da Rusiyanın ciddi təzyiqləri fonunda baş verdiyini hər kəs bilir. Ancaq Nikol Paşinyan yenidən xalqın mandatını alıb təkbaşına hökuməti qurarsa, bu, onun hökumətinin və həmin siyasi güc mərkəzinin mövqelərini gücləndirəcək ki, artıq bundan sonra bu şəxsləri cinayət məsuliyyətinə cəlb edib həbs etmək Nikol Paşinyan üçün daha rahat olacaq. Çünki artıq bu seçkilərdə uduzan Koçaryan, Sarkisyan və digərlərinin Rusiya üçün o qədər də böyük dəyəri və önəmi qalmayacaq. Bunu Nikol Paşinyan da anlayır. Ona görə də onları hədələyir ki, Rusiyanın maraqları naminə özünüzü yandırarsınızsa, bu dəfə həbs olunandan sonra azad olunma ehtimalı sıfıra bərabər olacaq. Verilən mesaj budur”. Geri qayıt |