Əsas Səhifə > Güney Press > "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq?

"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq?


Bu gün, 16:18

Rusiya ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarının mühakimə olunmasının qarşısını almağa yönəlmiş yeni qanun layihəsini gündəmə gətirib. Bu addım rəsmi Moskvaya xaricdəki əməliyyatlar üçün daha geniş hüquqi manevr imkanları vəd edir.

Sözügedən qərarın siyasi mahiyyəti və region ölkələrinə mümkün təsirləri barədə Yenicag.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Moskva uzun müddətdir “rus vətəndaşlarının qorunması” diskursunu postsovet məkanında siyasi təsir aləti kimi istifadə edir:

“Bu qərar formal olaraq ‘Rusiya vətəndaşlarının xaricdə müdafiəsi’ kimi təqdim olunsa da, real praktikada prezidentin xarici əməliyyatlar üçün hüquqi çevikliyini artıran bir addımdır. Yəni məsələ təkcə texniki dəyişiklik deyil, həm də ciddi siyasi siqnal xarakteri daşıyır.

Belə səlahiyyət genişlənməsi Rusiyanın xarici siyasətində ‘reaktiv müdafiə’ məntiqindən daha aktiv və preventiv müdaxilə imkanlarına keçid ehtimalını gücləndirir. Bu baxımdan yeni qanun, gələcəkdə postsovet ölkələri, o cümlədən Cənubi Qafqaz kimi Rusiya diasporunun sıx olduğu ərazilərdə daha geniş interpretasiya oluna biləcək hüquqi baza yaradır”.

Politoloq qanunun Ermənistan kontekstindəki təsirlərinə də toxunub:

“Bunu birbaşa ‘Samvelin namizədliyi üçün təhdid’ kimi dar çərçivədə izah etmək çətin olar. Çünki qanun fərdi siyasi namizədlərə deyil, daha geniş dövlət maraqları və xaricdəki vətəndaşların müdafiəsi mexanizminə yönəlib. Amma region siyasəti baxımından Moskvanın Ermənistana və ümumilikdə Cənubi Qafqaza təsir rıçaqlarını hüquqi cəhətdən daha çevik hala gətirdiyini demək mümkündür”.

Turan Rzayev gələcək risklər barədə xəbərdarlıq edərək fikirlərini belə tamamlayıb:

“Gələcək perspektivdə bu cür səlahiyyətlərin artması Moskva üçün ‘vətəndaşların müdafiəsi’ arqumenti ilə hərbi və ya təhlükəsizlik xarakterli addımların daha tez legitimləşdirilməsi imkanını yarada bilər. Bu isə region ölkələri üçün həm siyasi risklərin artması, həm də Moskva ilə münasibətlərdə daha həssas balansın qorunması zərurətini gücləndirir”.


Geri qayıt