Əsas Səhifə > Güney Press > “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”

“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”


Bu gün, 14:39

“Vaxilə Bəstəkarlar İttifaqının sədrləri Qara Qarayev və Tofiq Quliyev vəfat edəndə onların vəzifələrini növbəti qurultaya qədər birinci katiblər Rauf Hacıyev və Vasif Adıgözəlov icra ediblər. Heç kim də onlara deməyib ki, gəlin təzədən qurultay edək, filankəsi yox, başqasını seçək. Belə şeylər olmayıb. Həmin dövrdə hörmət ən üstün səviyyədə olub. Növbəti qurultaya qədər hər kəs səssiz-səmirsiz işini icra edib”.

Bunu “Yeni Sabah”a Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib.

Kinoşünas qeyd edib ki, Azərbaycan Kinematoqraflar İttifaqında (AKİ) sədr vəzifəsini birinci katib Şəfiqə Məmmədova icra etməlidir: Pepperoni pizza

“Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub. O sədr seçiləndə 2 kino ittifaqı – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı vardı. Birinin sədir Rasim Balayev, digərinin isə Şəfiqə Məmmədova idi. Rasim Balayev sədr seçiləndə Şəfiqə Məmmədova sakitcə, hay-küysüz bildirdi ki, mən sədrlikdən əlimi götürdüm.

Yaxşı ki, Rasim Balayev seçilib. R.Balayev də bununla Şəfiqə xanımı özünə birinci katib təyin etdi. İndi ittifaqın sədri rəhmətə gedib, 40-nın çıxmasını zorla gözlədilər. Hörmət harada qaldı?!

Hay-həşir salıblar ki, qurultay edirik. Həmin vəzifəni birinci katib Şəfiqə Məmmədova gül kimi icra edir də! Hörmətsizlik edirlər! Şəfiqə xanım həmin məşhur aktrisadır ki, hələ də öz ağırlığını qoruyub saxlayır, əli də hər yerə çatır. Özü sədr olanda iclasda bildirdi ki, Azərbaycan Yazıçılar Birliyi (AYB), Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqının üçü də Xəqani küçəsində yerləşir, çalışacağam ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) da həmin küçədə yerləşsin. Dedi və elədi.

Bu gün həmin Hökumət Evindən qovulan ittifaqın öz binası var. Şəfiqə bu binanı alana qədər AKİ-nin heç bir yerdə binası olmayıb. Qadın olsa da, onda kişi sözü var!”

A.Kazımzadə qeyd edib ki, qurultay keçirilsə, Şəfiqə Məmmədova sədr seçilməyəcək:

“Ayıbdır e, belə olmaz! 87 yaşım var, qadına münasibəti çox gözəl bilirəm. Bu cür hörmətsizlik olmaz! Bu gün mədəniyyət naziri Adil Kərimliyə də teleqram vurdum ki, bizə kömək etsin. Qurultayın yeri deyil. Nə qurultaybazlıqdır?! Tutaq ki, başqası sədr seçildi. Onun əli çataqcaq Şəfiqə xanım kimi hər yerə? Çatmayacaq axı. Həsən Seyidbəylinin vaxtında bunu etmək olardı?!

1958-ci ildə AKİ-nin təşkilat komitəsi yaradıldı. Lətif Şərifov da onun sədri seçildi. 5 ildən sonra qurultay keçirildi və Həsən Seyidbəyli ittifaqın sədri seçildi. Ondan sora Rüstəm İbrahimbəyov və Rasim Balayev sədr oldu.

Çox istəyərdim ki, bu məsələyə hamı qarışsın. Heç kimə lazım olmayan qurultayı ləğv etmək lazımdır. Dünyanın axırıdır bəyəm?!

Şəfiqədə bir xasiyyət var ki, dövlətin bir manatına da toxunmaz. Bu xanım olmazlarda qətiyyətlidir. Görünür ki, bu kimi məqamlar yoldaşlarına mane olur. Qurultay keçirilsə, Şəfiqə xanım sədr seçilməyəcək. Çünki onu dəstəkləyən azdır. Belə olmaz”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. İdarə Heyətinin iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Hələlik həmin vəzifəyə iki namizəd var: Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


Geri qayıt