Əsas Səhifə > Güney Press > Köçəryanın HƏBSİ GÜNDƏMDƏ

Köçəryanın HƏBSİ GÜNDƏMDƏ


Bu gün, 12:53

Ermənistanda seçki ərəfəsi gərginlik pik həddə çatmaqdadır. Bu fonda baş nazir Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın həbsinin anonsunu verib.

Belə ki, Paşinyan 2008-ci ilin 1 mart hadisəsinə görə, hüquq-mühafizə orqanlarının Robert Köçəryanı hüquqi məsuliyyətə cəlb etməli olduğunu deyib.

Onun sözlərinə görə, Köçəryan həbs olunmayana qədər hakimiyyət ədalətli məhkəmə sisteminin mövcudluğuna heç kəsi inandıra bilməyəcək.

Qeyd edək ki 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar martın 1-də o zaman hakimiyyətdə olan Robert Köçəryan tərəfindən amansızcasına yatırılmış, nəticədə 10 nəfər həlak olmuşdu.

Buna görə sonrakı illərdə Robert Köçəryan konstitusiya quruluşunu devirmək ittihamı ilə istintaqa cəlb olunub.


Köçəryanın cinayətləri bununla bitmir. O, Azərbaycan xalqına və dövlətinə qarşı da cinayət törədib. Azərbaycan torpaqlarının işğalında, dinc əhalinin məhv edilməsində bilavasitə iştirak edib.

Belə olan halda, Köçəryanın Azərbaycana ekstradisiyası mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov 2 ilə yaxındır dəfələrlə bu barədə Paşinyana çağırış etdiyini bildirdi:

“Çağırışım Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan kimi Azərbaycan xalqı və dövlətinə qarşı çoxsaylı cinayətlər, soyqırımlar, qətillər törədənlərin həbs edilib Azərbaycana təhvil verilməsilə bağlı olub. Bu cinayətkarlar barəsində Azərbaycanda kifayət qədər cinayət işləri var və onlar axtarışa verilib.

Ola bilsin, Paşinyan onları himayə edənlərin qarşısında bu cinayətkarları həbs etməyə gücü çatmır. Ancaq onlar həbs olunmalıdır. Təkcə Azərbaycana qarşı törətdikləri cinayətlərə görə yox. Eyni zamanda, Ermənistan xalqına qarşı törətdikləri cinayətlərə görə də həbs olunmalıdırlar”.

Deputat hesab edir ki, gec-tez Köçəryan və digərləri həbs olunacaq:

“İnterpol ədalətli fəaliyyət göstərsə, yəqin ki, məhz onun vasitəsilə həbs olunub Azərbaycana təhvil verilməlidir. Yenə də gec deyil”.

Həmsöhbətimiz Paşinyandan bu məsələdə qətiyyətli olmağı tələb edib:

“Paşinyan özündə cəsarət tapıb Köçəryanı həbs etdirməli və onu Azərbaycana təhvil verməlidir. Fikrimcə, bu Paşinyan üçün də, həmçinin haqq-ədalətin bərpası üçün də çox vacibdir”.


Geri qayıt