Əsas Səhifə > Güney Press > Məktəbdə distant oxumaq olar,

Məktəbdə distant oxumaq olar,


Bu gün, 12:03

Distant təhsil modeli dünyanın bir çox ölkəsində xüsusən də işləyən mütəxəssislər və ya əyani təhsil ala bilməyənlər üçün geniş tətbiq olunur.

Distant təhsil modelinin geniş yayıldığı əsas ölkələrdən biri Türkiyədir ki, burada Anadolu Universiteti, Atatürk Universiteti, İstanbul Universiteti və Ankara Universiteti distant təhsil vasitəsilə geniş proqram seçimləri təklif edir.

Bundan başqa, İngiltərədə The Open University (UK-OU) dünyanın ən qədim açıq universitetlərindən biridir, 250 mindən çox yerli və beynəlxalq tələbəyə malikdir.

Çin Distant Təhsil Universiteti 1979-cu ildə yaradılıb, Təhsil Nazirliyinin nəzdində geniş açıq və distant təhsil verir. Almaniyada Hagen Distant Universiteti distant təhsil təklif edən yeganə dövlət universitetidir və təxminən 76 min tələbəsi var.

Avstraliyadakı bir çox universitet- University of New England, Open Universities Australia distant təhsil proqramları təklif edir. ABŞ-də Western Governors Universiteti və Arizona Dövlət Universiteti kimi bir çox korporativ və ya özəl universitetlər hərtərəfli onlayn bakalavr və magistr proqramları təklif edir.

Azərbaycanda isə hazırda distant təhsil metodunun tətbiq edildiyi ali təhsil müəssisələri yoxdur. Bununla yanaşı, xarici ölkələrin ali təhsil müəssisələrində distant təhsil almış şəxslərin diplomları da tanınmır.

Elm və Təhsil Nazirliyi isə bunu onunla əlaqələndirir ki, distant təhsillə bağlı maddi-texniki baza yoxdur. Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən bildirib ki, məktəblərdə hər il uşaq sayı təhlil olunur və burada bir məqsəd var ki, sistem rasionallaşsın, təhsilin keyfiyyəti artsın:

“Hazırda bu məsələ ilə bağlı iki istiqamətdə iş aparılır. Bir istiqamət şagirdlərin nəqliyyat vasitəsi ilə daşınmasıdır. Burada məntiq ondan ibarətdir ki, azsaylı şagirdi olan məktəblərdən daha çox böyük məktəblərdə təhsil daha keyfiyyətlidir.

Bu, həm şagirdlərin sosiallaşmasına kömək edir, həm də onların gələcəyinə müsbət təsir edir. İkinci istiqamət isə 5-10 nəfər şagirdi olan deyil, 20-25 nəfər şagirdi olan məktəblərə aiddir. Burada da hələ daşınma mövcuddur.

Amma bu ildən distant təhsil modeli üzərində də işləyirik. Bu da özünü doğruldur. Daha kiçik məktəblər yerini dəyişmədən onlayn tədris apara bilirlər. Bu halda məktəb yerində qalır, müəllim digər yerdən distant təhsil aparır. Yay aylarında şagird sayı təhlil olunduqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək".

Məktəblərdə distant təhsilin tətbiqi üzərində iş aparılmasıyla yanaşı, bu təhsil metodu qəbul edilir, ancaq ali təhsil sistemində distant təhsil qəbul edilmir? Azərbaycanda təhsilin keyfiyyəti distant təhsilin olduğu ölkələrdən daha yüksəkdir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Cahid İmanlı “Cümhuriyət”-ə bildirib ki, distant təhsil ilk olaraq nəinki orta təhsildə, nəzəri biliklərin üstün olduğu elmlər sahəsində tətbiq olunmalıdır:

“Elə dərslər var ki, praktikidir, bu zaman mümkün deyil. Bizdə nəzarət mexanizmi zəifdir. Ola bilsin ki, tədris resursları da buna imkan vermir. Yəni belə bir tədris üsuluna keçilsə, şagirdləri və yaxud tələbələri tam olaraq tədris proqramları ilə əhatə etmək lazımdır. Yəqin ki, müvafiq qurumlar buna tam hazır deyil və ona görə həyata keçirə bilmirlər.

İstər orta, istərsə də ali təhsildə təhsil alanlar maddi texniki baza ilə təmin olunmalıdır. Bu təhsilin əsas prinsiplərindən biri odur. Elə şagird və ya tələbə ola bilər ki, onun texniki təminatla bağlı maddi gücü çatmaz.

Bunu tam aradan qaldırmaq üçün həm internet resursları, həm də müəyyən avadanlıqlarla təmin edilməlidirlər. Bu məsələni şagird və ya tələbənin üzərinə qoymaq mümkün deyil”.

Ekspert deyib ki, Azərbaycanda distant təhsillə bağlı problem var:

“Xarici ölkə universitetlərini, onların diplomlarını qiymətləndirərkən, təsdiqlənmə zamanı bu meyarlar aradan qalxmalıdır. Çünki dünyada nüfuzlu universitetlər var ki, onlar təhsili distant yolla apara bilir və yüksək keyfiyyət əldə edirlər.

Beynəlxalq konfranslar onlayn keçirilə bilirsə, niyə təhsil formasında bu metod tanınmasın? Fikrimcə, xarici ölkələrdə distant yolla təhsil alanların diplomlarının tanınmasında “distant” modeli əsas meyar olmamalıdır”.

Distant təhsilin üstünlüklərinə gəldikdə isə ekspert bildirib ki, həm orta, həm də ali təhsildə bu üsulun üstünlükləri çoxdur:

“Elə bir dövrdə yaşayırıq ki, təhsilin əlçatanlığı baxımından Azərbaycan təhsilində beynəlxalq təcrübəni paylaşmaq üçün distant təhsil daha uğurlu metod sayıla bilər. Tələbənin başqa ölkəyə getməsi, yaşaması üçün imkanı olmayanlar həmin ölkənin proqramlarına uyğun təhsilini davam etdirə bilər”.

Ekspertin sözlərinə görə, ölkəmizdə əyani təhsillə qiyabi təhsil eyni status daşıdığı kimi, əmək bazarında da bu, heç bir problem yaratmır:

“Burada əsas olan bacarıqlardır. Təhsildə əmək bazarına uyğunlaşdırmaq üçün bacarıqlar tələb olunur. Həmin proqramlarda bacarıqlar öz əksini tapıbsa, bunun heç bir problemi yoxdur. Yəni əmək bazarında vətəndaşın hansı üsulla təhsil almasının heç bir aidiyyəti yoxdur.

Təhsil metodundan asılı olmayaraq, əmək bazarında qiymətləndirilmə aparılmır. Ola bilsin ki, bir ixtisas üzrə tələbələr 3 il distant təhsil alsın, 1 il isə məcburi şəkildə əyani formada praktiki işlərin formalaşması üçün istifadə oluna bilər. Yəni qarşılıqlı surətdə təmin olunması mümkündür”.


Geri qayıt