|
Bakı şəhərində fəaliyyət göstərən 114 saylı marşrut avtobusu ilə bağlı sərnişin narazılığı davam edir. Yeniavaz.com-a müraciət edən sərnişin iddia edir ki, 114 saylı marşrut avtobuslarının bir çoxunda ciddi problemlər var: “Uzun intervallar, əhali sayına uyğun olmayan şəkildə az sayda avtobusun xəttə buraxılması, natəmizlik, oturacaqların bir çoxunun qırıq və yerindən qopmuş vəziyyətdə olması, avtobuslarda qışda istilik sisteminin yetərsiz qalması, yayda isə soyutma sisteminin olmaması sərnişinlər üçün ciddi problemlər yaradır. Saat 23:00 olmamış isə bütün 114 saylı avtobuslar hərəkəti dayandırır”. Sərnişin bildirir ki, problemlə bağlı dəfələrlə AYNA-ya müraciət etsə də, heç bir nəticə olmayıb: “Avtobusla bağlı mən özüm AYNA-ya sayını unutduğum qədər müraciət etmişəm, bəlkə də 50-60 dəfə. Dəfələrlə AYNA-dan cavab məktubları gəlib ki, daşıyıcı şirkətə nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Amma gördüyünüz kimi, nəticə yoxdur”. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, avtobuslarda zəruri tədbirlərin görülməsi barədə daşıyıcılara tapşırıqlar verilib: “Pirəkəşkül və Müşfiqabad qəsəbələrinə fəaliyyət göstərən 114A nömrəli marşrutda 8 avtobus 12-14 dəqiqə, 114B nömrəli marşrutda isə 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. AYNA tərəfindən daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”. Qurum həmçinin qeyd edib ki, göstərilən tapşırıqlar yerinə yetirilməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq: “Daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması və avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi barədə xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq”. Qeyd edək ki, 114 saylı avtobusda mövcud problemlərlə bağlı daha əvvəl də redaksiyamıza bir sıra şikayətlər daxil olub.


Geri qayıt
|