Əsas Səhifə > Güney Press > Alim Qasımov "Eurovision"a gedə bilər?

Alim Qasımov "Eurovision"a gedə bilər?


Bu gün, 15:21

Dünən "Eurovision-2026" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Yarımfinalda 15 ölkənin təmsilçiləri final uğrunda mübarizə aparıb. Azərbaycanı müsabiqədə təmsil edən Cəmilə Həşimova (JIVA) "Just Go” mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxsa da, finala vəsiqə qazana bilməyib.
Azərbaycan təmsilçisinin uğursuz çıxışından sonra sosial şəbəkələrdə və ictimai müzakirələrdə ölkənin gələcəkdə müsabiqədə hansı musiqi janrı ilə təmsil olunmalı olduğu barədə müxtəlif fikirlər səsləndirilib.
Prodüser Tarix Əliyev (Tolik) bu mövzuda maraqlı təkliflə çıxış edib. O bildirib ki, Azərbaycan "Eurovision"da milli musiqi irsinə üstünlük verməli və ölkəni Xalq artisti Alim Qasımov kimi sənətkar təmsil etməlidir:
"Məsələn, Xalq artisti Alim Qasımov kimi sənətkarı, yanında da Əməkdar artist Sevda Ələkbərzadəni göndərib Azərbaycan muğamını Avropaya tanıtmaq olar".
Xalq artisti Alim Qasımov Qaynarinfo-ya açıqlamasında bu təklifə müsbət yanaşdığını bildirib:
"Təklif çox gözəldir və dəstəkləmək olar. Amma bunun üçün xüsusi bir əsər hazırlanmalıdır. Elə bir bəstəkar işləməlidir ki, mahnının sözləri, janrı və quruluşu mənim ifa edəcəyim muğamla uyğunlaşsın. Sadəcə "aman-aman" deməklə iş alınmaz. Bəstəkar bunu hiss etməli, duymalı və ona uyğun əsər yaratmalıdır. Ümid edirəm ki, gələcəkdə belə bir layihə reallaşacaq".

Geri qayıt