Əsas Səhifə > Güney Press > Metropoliten rəhbərinə irad:
Metropoliten rəhbərinə irad:Bu gün, 14:59 |
|
Bakıda ictimai nəqliyyatla bağlı problemin aradan qaldırılması istiqamətində müxtəlif addımlar atılmasına baxmayaraq, hələ də bu sahədə uğurlu nəticə əldə edilməyib. Mütəxəssislər isə əsas həll yollarından biri kimi intervalın azaldılması, marşrut avtobusların, eləcə də metro qatarlarının sayının çoxaldılması kimi təkliflərlə çıxış edirlər. Buna baxmayaraq, bu gün də həmin təkliflərdə öz əksini tapan məqamlar reallığa çevrilmir. Şəhərdə mövcud tıxacların aradan qaldırılmasının bir səbəbi kimi isə marşrut avtobuslardan daha çox istifadə olunduğu göstərilir. Yəni paytaxtın bir çox ərazisində metro stansiyasının olması bu sahədə problemin aradan qaldırılmasında mühüm rol oynayar. Məsələn, hazırda Səbail rayonunun Bayıl-20-ci yaşayış sahəsinə müxtəlif nömrəli 6 marşrut avtobusu işləməsinə baxmayaraq, yenə də həmin marşrut avtobuslarda sıxlıq müşahidə olunur. Ancaq həmin ərazidə metro stansiyasının olması həmin marşrut avtobusların işini asanlaşdırar, yükünü azaldar. Ancaq "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "ATV Aktual" verilişində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Belə ki, sədr öz çıxışında bildirib ki, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər: “Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi ərazulərdə metro stansiyası tikilsə, həmin ərazilərdən vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər". Maraqlıdır, adıçəkilən ərazilərdə yaşayan sakinlər metro stansiyası olmadığı şəhərin mərkəzinə gəlmirmi? Yaxud metronun olmaması tıxacların daha çox yaranmasına gətirib çıxarmır? Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, vətəndaş onsuz da avtobusa əyləşib, bir neçə dayanacaqdan sonra yenidən metro ilə şəhər mərkəzinə gəlir: “Burada sədrin demək istədiyi odur ki, mövcud metro infrastrukturu, Sovet dövründə tikilərkən Bakının belə böyüyəcəyi,iqtisadiyyatının artacağı, əhali sayının çoxalacağı nəzərə alınmayıb. Yəni köhnə Sovet standartına uyğun metro tikilib. Ancaq bu gün tələblər başqadır. Yəqin sədr demək istəyir ki, metro infrastrukturu ilə bağlı hələ mərkəzi ərazilərdə qarşıya qoyulan məqsədlər bitməyincə, həmin istiqamətlərdə əlavə stansiyalar açsaq, oradan sərnişin, qatar axını gəlsə, bunu tənzimləmək çətin olacaq. Bunun üçün ilk növbədə mərkəzi ərazilərdəki metro stansiyalarında yenidənqurma, rekonstruksiya işləri yekunlaşmalıdır ki, artıq həmin istiqamətdən gələn qatarları stansiyalar rahatlıqla qəbul edə bilsinlər”. Geri qayıt |