Əsas Səhifə > Güney Press > Tahir Kərimlidən Vüsal Aslanova cavab:

Tahir Kərimlidən Vüsal Aslanova cavab:


Bu gün, 11:56

““Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “ATV Aktual” verilişinə müsahibəsinə baxdım. Bir sıra məsələlərlə bağlı professional fikir bildirmək istəməzdim. Ola bilər, bunlar “Bakı Metropoliteni” QSC-nin problemləri ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin sərəncamından sonra bir sıra infrastruktur Metropolitenə birləşdirilir. Güman edirəm ki, bu dəyişikliklər gələcəkdə Azərbaycan cəmiyyətinin, metrodan istifadə edən vətəndaşlarımızın xeyirinə olar. Ancaq bir şeylə heç cür razılaşa bilmirəm. Dünyanın böyük şəhərlərində əhalinin yerdəyişməsini təmin etmək üçün infrastruktur tikilir, metro xətləri çəkilir. Vətəndaşın sərbəst yerdəyişməsi onun beynəlxalq, milli və konstitusion hüququdur. Heç kim onun qarşısını hansısa vasitə ilə almamalı, bunu məhdudlaşdırmamalıdır. Cənab Aslanovun “metro xətti ona görə çəkilmir ki, şəhərin mərkəzinə axın olar” deməsi... Şəxsi maşınlar şəhər mərkəzinə gələndə narahatlıq hiss olunurdu ki, sıxlıq yaradır. Bəs vətəndaşların maşınsız mərkəzə gəlmələri kimi narahat edəcək ki? Əksinə, sərbəst metro ilə mərkəzə gələcəklər. İstər işə gəlsin, istər bulvara gəzməyə. Bu, vətəndaşın hüququdur və təmin olunmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, insanların istəkləri yerinə yetirilməlidir: “Vətəndaş mərkəzə heç də havayı gəlmir. Bir sıra dünya ölkələrində metrolarda dotasiya tətbiq olunur, yalnız insanlara xidmət göstərir. Şəhərin mərkəzinə camaat gələndə nə olacaq? Bunun dərdini çəkməkdənsə, insanlar üçün rayonlarda, kəndlərdə iş yerləri açmaq lazımdır ki, şəhərə axışmasınlar. Tezliklə Qarabağı təmin etmək lazımdır ki, insanlar yerlərə qayıtsınlar, sıxlıq azalsın. Yoxsa hər hansı sakinin yerdəyişməsinə nəsə maneə ola bilməz. Xüsusən, Qaraçuxur, Masazır, Xırdalan və digər yerlərdə əhali sıxlığı var. Bu ərazilərdə metroların olması on illərdir, aktual məsələyə çevrilib. Bunu təmin etmək lazımdır. Vətəndaş bir neçə avtobus dəyişməklə vaxt itkisinə, eyni zamanda maddi itkiyə məruz qalaraq şəhər mərkəzinə çatır. Buna görə də metro ilə rahatlığı təmin etmək lazımdır”.


Geri qayıt