Əsas Səhifə > Güney Press > Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsunBu gün, 17:06 |
|
Hazırda ölkədə çiyələk mövsümünün ən aktiv dövrü yaşanır və bazarlarda, eləcə də satış məntəqələrində bu məhsulun bolluğu müşahidə olunur. Sosial şəbəkələrdə və əhali arasında da çiyələyin müxtəlif kimyəvi maddələr, dərmanlar və ya hormonlarla yetişdirildiyi ilə bağlı iddialar da səsləndirilir. Mütəxəssislər isə bildirirlər ki, məhsulun tez yetişdirilməsi, uzun müddət xarab olmadan saxlanılması və daha cəlbedici görünməsi üçün bəzi hallarda müxtəlif aqrotexniki vasitələrdən istifadə oluna bilər. Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, xüsusən Bakıda fəaliyyət göstərən meyvə-tərəvəz mağazalarına daxil olan çiyələklərin böyük hissəsi fermer təsərrüfatlarından gətirilir. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün bazarlarda gördüyümüz iri, parlaq və uzun müddət xarab olmayan çiyələklər müəyyən kimyəvi təsirlərlə yetişdirilir. "Mən təxminən 10 il əvvəl cənub bölgəsində yerləşən çiyələk plantasiyalarından birində olmuşdum. Orada 36 növə yaxın kimyəvi preparatın saxlanıldığı xüsusi otaq gördüm. Həmin preparatlar məhsulu zərərvericilərdən qorumaq, daha tez yetişdirmək və görünüşünü uzun müddət saxlamaq məqsədilə istifadə olunurdu. Şübhəsiz ki, bütün kimyəvi maddələr insan orqanizmi üçün müəyyən risk yaradır. Bununla belə, istifadə üçün icazə verilən normalar mövcuddur və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məhz bu normalara nəzarət edir" deyə, o bildirib. Bəs kimyəvi maddələrlə çiyələk yetişdirənlər məsuliyyətə cəlb olunmalıdırmı? Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Musavat.com-a danışıb. Hüquqşünas qeyd edib ki, ümumiyyətlə, yetişdirilən və bazara çıxarılan hər hansı məhsulla bağlı bütün sənədlər, o cümlədən məhsulun mənşəyi, yetişdirilmə prosesi və məişət sertifikatları mütləq şəkildə təqdim olunmalıdır: "Həmin məhsullar bazara yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq sertifikatlar və təsdiqedici sənədlərlə çıxarılmalıdır. Əgər hər hansı şəxs məhsullara kimyəvi maddələrin əlavə olunması ilə bağlı məlumata malikdirsə və ya belə bir haldan xəbərdardırsa, bu barədə ilk AQTA-ya, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməlidir. Aidiyyəti qurumlara rəsmi məlumat verilməlidir ki, məsələ araşdırılsın. Əgər qeyd olunan faktlar araşdırma zamanı öz təsdiqini taparsa, qanunvericiliyə uyğun şəkildə müvafiq araşdırma başlanılır. Əməldə cinayət tərkibi mövcuddursa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xüsusi hissəsində nəzərdə tutulan maddələrə uyğun olaraq cinayət işi açılır və məsuliyyətə cəlb olunacaq şəxslərin dairəsi müəyyən edilir. Yox, əgər əməldə cinayət tərkibi müəyyən olunmazsa və söhbət yalnız inzibati prosedur pozuntularından gedirsə, həmin hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Fiziki və vəzifəli şəxslər məsuliyyətə cəlb olunur, hüquqi şəxslərlə bağlı isə materiallar toplanaraq aidiyyəti üzrə məhkəməyə göndərilir". Xalidə Gəray Geri qayıt |