Əsas Səhifə > Güney Press > 30 illik diplomatik riyakarlıq iflas etdi:

30 illik diplomatik riyakarlıq iflas etdi:


Bu gün, 17:00

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranmış Qarabağ münaqişəsinin “sülh yolu ilə həlli” məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə beynəlxalq diplomatiyanın ən uğursuz institutlarından biri kimi tarixə düşdü.

Formal olaraq vasitəçilik missiyası daşıyan bu mexanizm əslində status-kvonun qorunmasına, işğalın uzadılmasına və Ermənistanın ilhaq siyasətinin legitimləşdirilməsinə xidmət edən siyasi platformaya çevrilmişdi. Bu proseslərin mahiyyətini düzgün anlamaq üçün yalnız münaqişənin hərbi və siyasi tərəfinə deyil, həm də beynəlxalq hüququn selektiv tətbiqinə, böyük güclərin geosiyasi maraqlarına və Ermənistan daxilində formalaşdırılmış revanşist ideoloji şəbəkələrə diqqət yetirmək lazımdır.

1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu formal olaraq münaqişənin sülh yolu ilə həllini təmin etməli idi. Qrupun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də beynəlxalq təhlükəsizlik sisteminin əsas aktorları hesab olunurdu.

Lakin bu dövlətlərin fəaliyyəti göstərdi ki, beynəlxalq hüquq yalnız siyasi maraqlarla uzlaşdığı halda tətbiq edilir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlərin icrası üçün real siyasi təzyiq göstərilmədi. Əksinə, Minsk qrupu illər boyu “tərəfləri kompromisə çağırmaq” adı altında işğalçı ilə işğala məruz qalan dövlət arasında süni balans yaratmağa çalışdı. Bu isə beynəlxalq hüququn fundamental prinsiplərinin — dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin faktiki şəkildə relativləşdirilməsi idi.

“Münaqişənin Hərbi Həlli Yoxdur” Tezisi:

Minsk qrupunun fəaliyyətində ən ciddi siyasi manipulyasiyalardan biri “münaqişənin hərbi həlli yoxdur” tezisi idi. Bu ifadə uzun illər beynəlxalq diplomatik dairələrdə təkrarlandı və Azərbaycana faktiki olaraq təslimçi sülh modeli qəbul etdirmək cəhdi kimi istifadə edildi.

Əslində isə bu tezis işğal faktını dondurmaq məqsədi daşıyırdı. Çünki hərbi güc tətbiq edən və beynəlxalq hüququ pozan tərəf Ermənistan idi. Azərbaycanın isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ mövcud idi.

Minsk qrupunun bəzi nümayəndələrinin “Şimali Qarabağ” kimi hüquqi və tarixi əsası olmayan terminologiyadan istifadə etməsi isə artıq vasitəçilik neytrallığının açıq şəkildə pozulması idi. Bu cəhdlər Azərbaycanın suverenliyini zəiflətmək və gələcəkdə ərazi güzəştlərinə zəmin yaratmaq məqsədi daşıyırdı. 30 il ərzində Azərbaycan şəhərləri dağıdıldı, kəndlər yerlə-yeksan edildi, məscidlər təhqir olundu, qəbiristanlıqlar vandallığa məruz qaldı, təbii sərvətlər talan edildi.

Bütün bunlar Minsk qrupunun gözləri qarşısında baş verirdi. Buna baxmayaraq qanunsuz məskunlaşdırma siyasətinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə, tarixi və dini irsin məhv edilməsinə və s cinayətlərə görə heç bir ciddi beynəlxalq mexanizm işə salınmamışdı. Bu susqunluq beynəlxalq münasibətlər sistemində ikili standartların klassik nümunəsi idi.

Ermənistan revanşizmi və Minsk qrupuna ümid:

Münaqişədən sonrakı dövrdə Ermənistan daxilində, xüsusilə keçmiş xarici işlər naziri Vardan Oskanyan ətrafında formalaşmış siyasi-diplomatik çevrələr Minsk qrupunu revanşist planların əsas aləti hesab edirdilər.

Erməni diasporu, bəzi hüquqşünaslar və keçmiş diplomatlar düşünürdülər ki, Minsk qrupu saxlanılarsa, “Qarabağ məsələsi” yenidən beynəlxalq gündəliyə qaytarıla bilər. Onların bütün nəzəri konstruksiyası məhz bu institutun mövcudluğuna bağlı idi.

Bu səbəbdən Minsk qrupunun ləğvi yalnız Azərbaycan diplomatiyasının qələbəsi deyil, həm də Ermənistan daxilində revanşist qüvvələrin strateji dayaqlarının sıradan çıxarılması demək idi.

Prezident İlham Əliyevin Diplomatik Strategiyası:

Cənab Prezident münaqişənin bütün mərhələlərində həm siyasi, həm hüquqi, həm də informasiya müstəvisində ardıcıl və sistemli strategiya həyata keçirdi. Prezident İlham Əliyevin əsas uğurlarından biri beynəlxalq hüququn mahiyyətini və böyük güclərin ikili standartlarını açıq şəkildə ifşa etməsi idi. Bu siyasi xətt zamanla beynəlxalq reallığın dəyişməsinə səbəb oldu.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ özü təmin etdi və BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini faktiki olaraq yerinə yetirdi. Beləliklə, Minsk qrupunun “alternativsiz vasitəçi” obrazı tamamilə dağıldı.

Nəticə etibarilə, ATƏT-in Minsk qrupu diplomatik riyakarlığın, ikili standartların siyasi təfəkkürün simvollarından biri kimi tarixdə qalacaq. Azərbaycan isə beynəlxalq münasibətlər tarixində öz ərazi bütövlüyünü həm hüquqi, həm siyasi, həm də hərbi müstəvidə bərpa etmiş dövlət modeli kimi öyrəniləcək.

Polad Mehdiyev
Hüquqşünas-siyasi şərhçi - musavat.com


Geri qayıt