Əsas Səhifə > Güney Press > Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü

Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü


Bu gün, 08:35

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Yuniszadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 2025-ci il tarixli Qərarının 1.12, 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilib. İmran Yuniszadə barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv olunub.


İttihama görə, İmran Yuniszadə 2025-ci ilin iyul ayında saat 13 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış evinin həyətində bacısının əri, zərərçəkmiş Tağı Vəlizadə (adı, soyadı şərtidir) ilə mübahisə edib.


Araşdırmalar zamanı müəyyən olunub ki, tərəflər arasında yaranmış narazılığa səbəb həyətin hasarla ayrılması məsələsi olub. Belə ki, zərərçəkmiş şəxs həyəti bölmək məqsədilə həmin ərazidə hasar çəkmək istəyib. Bu məsələ ilə bağlı tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İmran həyətin ərazisində olan beli götürərək Tağıya hücum edib. O, bellə zərərçəkmişin baş nahiyəsinə bir dəfə zərbə endirib.


Hadisə nəticəsində Tağıya başın ənsə nahiyəsinin sol yarısında əzilmiş-cırılmış yara xəsarəti yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kateqoriyasına aid edilib.


Hadisədən sonra İmran Yuniszadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Geri qayıt