Əsas Səhifə > Güney Press > Putinə bu səlahiyyət verildi

Putinə bu səlahiyyət verildi


Bu gün, 16:33

Rusiya Dövlət Duması prezidentin ölkə xaricində silahlı qüvvələrdən istifadə səlahiyyətlərini genişləndirən qanunu ikinci və üçüncü oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, sənəd “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara dəyişiklikləri nəzərdə tutur.

Qanuna əsasən, Vladimir Putin xaricdə Rusiya vətəndaşlarının “həbsi, saxlanılması, cinayət və digər təqiblərə məruz qalması” hallarında ordudan istifadə edə biləcək.

Söhbət Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyət verilmiş məhkəmələr, eləcə də Moskvanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən xaricdə həbs olunan rusiyalılardan gedir.


Dövlət Dumasının məlumatına görə, qanun “Rusiya vətəndaşlarının dost olmayan xarici dövlətlərin qanunsuz hərəkətlərindən müdafiəsini gücləndirmək” məqsədi daşıyır.

Sənəd yekdilliklə qəbul olunub. 384 deputat qanunun lehinə səs verib, əleyhinə və bitərəf səs olmayıb.

Hazırda qüvvədə olan “Təhlükəsizlik haqqında” federal qanuna əsasən, prezident xaricə qoşun göndərmək hüququna malikdir. Bu, xarici dövlətlər və ya beynəlxalq orqanlar Rusiya maraqlarına zidd qərarlar qəbul etdikdə tətbiq oluna bilər.


Qeyd olunur ki, Putinin xaricdə ordudan istifadə səlahiyyətlərinin genişləndirilməsi NATO-nun aparıcı ölkələrinin Rusiya ilə bağlı xəbərdarlıqları fonunda baş verir.

Almaniya kəşfiyyatı daha əvvəl Rusiyanın Baltikyanı ölkələrdə Krımın ilhaqı ssenarisinə bənzər təxribat törədə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Danimarka kəşfiyyatı isə Rusiyanın beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya biləcəyini açıqlamışdı.


ABŞ kəşfiyyatı 2026-cı ilin martında Putinin Ukraynadakı münaqişəni NATO ilə birbaşa toqquşmaya qədər “şüurlu şəkildə eskalasiya” edə biləcəyi barədə xəbərdarlıq edib.

Niderland hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, Kremlə NATO ilə “regional münaqişə” üçün kifayət qədər qüvvə toplamaq məqsədilə təxminən bir il lazım ola bilər.

Kəşfiyyatın fikrincə, Rusiyanın mümkün hücumda məqsədi NATO-nu hərbi baxımdan məğlub etmək deyil, məhdud ərazi qazancları hesabına alyans daxilində siyasi parçalanma yaratmaq ola bilər.


Bunun üçün Moskvanın nüvə şantajına əl ata biləcəyi də istisna edilmir.

Müharibəyə hazırlığın “sıfır mərhələsi”nin Rusiyada artıq başladığını daha əvvəl Müharibənin Öyrənilməsi İnstitutunun ekspertləri yazıblar.

Onların fikrincə, buna ölkənin qərb sərhədində hərbi dairələrin yenidən təşkili, Finlandiya ilə sərhəddə hərbi bazaların yaradılması, diversiyalar, radioelektron mübarizə vasitələrinə müdaxilə, GPS siqnallarının boğulması, yanğınlar və hava məkanında provokasiyalar daxildir.


Geri qayıt