Əsas Səhifə > Güney Press > Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır?
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır?Bu gün, 15:40 |
|
Globalinfo.az ABŞ Prezidenti Donald Trampın Çin səfəri mövzusunda amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teyslə müsahibəni təqdim edir: – Donald Trampı Çinə səfəri zamanı texnologiya nəhəngləri müşayiət edəcək. Deməli, müzakirələr bu istiqamətdə olacaq. ABŞ-Çin rəqabəti əsasən texnologiya sahəsi ilə bağlıdır. ABŞ bu məhsulların bir qismini Çindən idxal edir. Bu baxımdan strategiyasını həm də nadir metalların əldə edilməsi üzərində qurub. Tramp-Szinpin görüşündən gözləntilər nələrdir? – Prezident Trampın Çinə tarixi səfəri Tehranla atəşkəs vəziyyətinin qeyri-müəyyənliyi və dəniz blokadasının davam etdiyi bir vaxtda başlayır. Tramp Szinpini İrandan uzaq durmağa və bu ölkəyə hərbi texnologiya tədarükünü dayandırmağa inandırmağa çalışacaq. Fevralın 2-də Tramp Amerika müdafiə sənayesi və istehsalçıları üçün təchizat zəncirlərini təmin etmək məqsədilə nəzərdə tutulmuş 12 milyard dollarlıq strateji əhəmiyyətli mineral ehtiyata malik layihəyə start verib. Bu təşəbbüs Çinin nadir torpaq və mineral bazarlarındakı dominantlığının qarşısını almağı hədəfləyir. Prezident Trampın bu həftə Pekinə səfəri növbəti iyirmi ildə iki ölkə arasında ikitərəfli iqtisadi əməkdaşlığa mühüm təsir edəcək. Nümayəndə heyətində çip şirkəti “Qualcomm”dan Kristiano Amon, “Tesla”dan İlon Mask və “Əpl”dən Tim Kuk, “Boinq”dən Kelli Ortberq kimi şəxslərin olması Tramp administrasiyasının Çinlə ikitərəfli ticarət və kommersiya əlaqələrini gücləndirməyi hədəflədiyini göstərir. Dünya getdikcə parçalanır və əsas qlobal oyunçular arasında geosiyasi risklər həmişə nəzərə alınır. ABŞ və hərbi sənayesi Çinə məxsus vacib mineral ehtiyatlardan asılıdır. Çində İT və yarımkeçirici texnologiya zavodlarına sahib olan ABŞ texnoloji şirkətləri isə Ağ Ev tərəfindən ABŞ-da fabriklərini açmaq üçün dəvət olunublar. Çin və ABŞ arasındakı böyük rəqabət müzakirələrin əsasını təşkil edəcək və Vaşinqton Pekinin Moskvadan uzaqlaşması üçün böyük təzyiq göstərəcək. Hər iki ölkə arasındakı tərəfdaşlıq güclənəcək və bu görüşlərin nəticəsində geoiqtisadi maraqlar yenidən müəyyən ediləcək. – ABŞ-Çin Zirvəsini qısaca necə təsvir edərdiniz? Bunu rəqabətə əsaslanan tərəfdaşlıq adlandırmaq olarmı? – Çin və ABŞ Tramp-Si Zirvəsindən sonra iqtisadi əməkdaşlığın və ticarət tərəfdaşlığının genişləndirilməsinə çalışacaqlar. – Hörmüz boğazının açılması və Tayvan məsələsinin də müzakirə olunacağı gözlənilir. Hansı məsələdə anlaşma əldə edilə bilər və hansının həlli mümkünsüz görünür? – Tayvan adası Soyuq müharibənin qalığıdır. Tayvanla silahlı münaqişəyə girmək Pekinin strateji maraqlarına uyğun deyil. Hər həftə Taybeydən Çinin müxtəlif şəhərlərinə altıdan çox birbaşa uçuş həyata keçirilir. Beləliklə Tayvan iqtisadiyyat, ticarət və mülki texnologiya mübadiləsi sahələrində Çinin materik hissəsi ilə sıx bağlıdır. Hörmüz boğazı Tayvan boğazı ilə eyni geoiqtisadi xüsusiyyətlərə malik deyil. Tayvan təcili olaraq Çin Xalq Respublikasının materik hissəsinə yenidən inteqrasiya olunmalı və üsyankar bir əyalət olmaqdan çıxmalıdır. Prezident Trampın Çin prezidenti ilə möhtəşəm bir razılaşma əldə etməsi və Vaşinqtonun Yaxın Şərq, Şimal dənizi, Hind okeanı, Atlantik okeanına nəzarət etməsi üçün təsir dairələrinin yaradılması və Pekinin də öz növbəsində Tayvan boğazına nəzarət etməsi, Cənubi Çin dənizi və Filippin dənizində təhlükəsizlik və ekoloji cəhətdən qorunan ərazilərin yaradılması üçün böyük imkan var. – Bu səfər mart ayında baş tutacaqdı, amma İran müharibəsinə görə ertələndi. İndi, səfər ərəfəsində Ukrayna müharibəsinin həlli istiqamətində də fəallıq müşahidə olunur. Tramp-Szinpin görüşündə çox güman ki, Rusiya da müzakirə ediləcək. İki liderin görüşü dünya nizamı üçün nə vəd edir? – Tramp-Szinpin sammiti davamlı strateji və iqtisadi rəqabətə gətirib çıxaracaq. Pekin böyük güzəştlərə getməmək üçün kifayət qədər uyğun mövqedədir. Bununla yanaşı, ÇXR-in Azərbaycan, Türkiyə və Özbəkistanla münasibətləri inkişaf etməyə davam edəcək (Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi təchizat zəncirində səmərəliliyi artıracaq). Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Qafqazda və Orta Asiyada daha böyük rol oynayacaq. 2024-cü ildə Çin Özbəkistanın ticarət dövriyyəsi 17 milyard ABŞ dollarından çox olan ilk ticarət tərəfdaşı olub. – ABŞ-la Çin arasındakı rəqabət Zəngəzur dəhlizinin fəaliyyətində necə büruzə verəcək? Dəhliz uğrunda ABŞ-Çin qarşıdurması mümkündürmü? – Zəngəzur dəhlizi Tramp tərəfindən səsləndirilən geosiyasi qarışıqlıqdan və nikbin ritorikadan böyük ölçüdə faydalanır. Bu iqtisadi dəhliz regional iqtisadi rifah baxımdan həyati əhəmiyyət daşıyır. Zəngəzur əsas logistika mərkəzinə və Panama kanalının əhəmiyyətini üstələyərək, meqalayihə olan “Bir Kəmər, Bir Yol” təşəbbüsü kimi tanınan transkontinental nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməyə hazırdır. Zəngəzur ərazisində ABŞ-ın korporativ sektoru kiçik olacaq və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 10 fevral 2026-cı ildə Bakıya səfər etməsinə və Azərbaycan hökuməti ilə “Strateji Tərəfdaşlıq Xartiyası” imzalamasına baxmayaraq, Pekin şübhəsiz ki, Qafqazda rifahın və inkişafın əsas mühərriki olaraq qalacaq. Zəngəzur dəhlizinin geoiqtisadi rolu böyük dövlətlərin təsiri, coğrafi determinizm konsepsiyası ilə sıx bağlıdır. Bu kontekstdə Pekinin investorları çeviklikləri və peşəkarlıqları sayəsində ən əlverişli tərəfdaşdırlar, çünki onlar Mərkəzi Asiya və Böyük Qafqaz iqtisadiyyatlarına təsirli şəkildə inteqrasiya olunublar. Geri qayıt |