Əsas Səhifə > Güney Press > Sərhədləri sülh müqaviləsi AÇACAQ

Sərhədləri sülh müqaviləsi AÇACAQ


Bu gün, 15:33

“Ermənistanla 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar nəticəsində ölkəmiz ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 11 may 2026-cı il tarixinə tamamlanıb”.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli belə deyib.

O bildirib ki, iki ölkə arasında ortaq sərhədin açılması istiqamətində zəruri texniki işlər isə hələ də davam edir.

“Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrut üzrə geri qayıdan malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan-Türkiyə” kimi qeyd olunması artıq mümkün olacaq. Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi fürsət fonunda Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün region ölkələri və xalqlarının xeyrinə daha da irəliləməsinə töhfə verməyə davam edəcək”, - deyə Öncü Keçəli əlavə edib.

Qeyd edək ki, tezliklə Ermənistanla Türkiyə arasında birbaşa ticarət əməliyyatlarının aparılmasına başlanacağı gözlənilir.

Bu barədə ilkin açıqlama Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan gəlib. Mayın 12-də seçki mitinqində Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlaşan Mirzoyan onun qulağına pıçıldayaraq “Türklər açırlar” deyib.

O, əlləri ilə ağzını tutsa da, səsi Paşinyanın yaxasındakı mikrafona düşüb və aydın şəkildə eşidilib. Bu zaman Nikol Paşinyan ona işarə edərək mikrafonu göstərib. Jurnalistlər Ararat Mirzoyanın bu sözünü Türkiyənin Ermənistanla sərhədinin açması kimi şərh ediblər.

Nəticədə, məcburiyyət qarşısında qalan Baş nazir Paşinyan məsələyə aydınlıq gətirməli olub. O, Ermənistanla Türkiyə arasında ticarətin rəsmiləşdirilməsi qaydasının dəyişdiriləcəyini bildirib.

Paşinyanın sözlərinə görə, əvvəllər Türkiyə malları birbaşa Ermənistana çatdırılmaq üçün rəsmi qaydada rəsmiləşdirilə bilmirdi. Bu səbəbdən mallar əvvəlcə üçüncü ölkələrə göndərilir, daha sonra isə Ermənistana gətirilirdi:

“Ermənistanda Türkiyə istehsalı olan çoxlu mal var və bu, əlavə bir proses idi. Onları başqa ölkəyə aparır, orada emal edir, sonra isə Ermənistana çatdırırdılar”, - Paşinyan belə deyib.

O qeyd edib ki, artıq Türkiyə sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək. Nikol Paşinyan Ararat Mirzoyanın onun qulağına pıçıltı ilə məhz bunu demək istədiyini bildirib.

Yəni Ermənistanın xarici işlər naziri əslində, Türkiyə ilə birbaşa ticarətin açıldığını xəbər vermək istəyib. Lakin hər iki tərəfdən verilən rəsmi açıqlamalar bu prosesin Azərbaycanla Ermənistan arasında olduğu kimi üçüncü ölkə vasitəsilə həyata keçiriləcəyini deməyə əsas verir.

Təbii ki, burada söhbət Gürcüstandan gedir. Türkiyə Ermənistanla sərhədi açmağa tələsmir və hər iki ölkədən yüklər Gürcüstan üzərindən tranzit edilməklə bir-birinə çatdırılacaq. Lakin Ermənistan bazarlarında mal və məhsulun Türkiyəyə, Türkiyənin istehlak bazarında isə Ermənistan istehsalı olduğu aydın şəkildə yazılacaq.

Bununla yanaşı, sərhədlərin uzun müddət bağlı qalmaq ehtimalı azdır. İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının qalib gəlmək ehtimalı yüksək qiymətləndirilir. Bu isə 2026-cı ildə Ermənistanın yalnız Azərbaycanla və Türkiyə ilə münasibətlərində deyiul, bütövlükdə regionun geosiyasi arxitekturasında ciddi dəyişikliklərə gətirib çıxara bilər.

Belə ki, seçkilərdən sonra Ermənistanda yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçiriləcək. Bu isə cari ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Türkiyə ilə münasibətlərin normallaşmasına səbəb olacaq razılaşmalarla yadda qala bilər.

Qeyd edilən kontekstdə Türkiyə-Ermənistan sərhədinin 2026-cı ildə açılması ehtimalı çox yüksəkdir. Yəni bu ilin sonlarına doğru iki ölkə arasında ticarət əməliyyatlarının üçüncü dövlətin ərazisindən istifadə etməklə deyil, birbaşa həyata keçirilməsi mümkün olacaq.


Geri qayıt