Əsas Səhifə > Güney Press > Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var

Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var


Bu gün, 15:26

Dayanma-durma, parkinq qaydalarını pozduqlarına görə cərimələrdən isananların sayı getdikcə artır. Sosial şəbəkələr narazı sürücülərin paylaşımları ilə doludur. Taksi sürücüsü cəmi bir neçə saniyəlik avtomobili saxlayıb müştərini düşürdüyü üçün, digəri kəsik xətlər üzərindən döndüyünə, bir başqası ötmə əməliyyatını guya ki doğru etmədiyinə görə cərimələndiyini yazır.

Ən çox narazılıq da avtomobili harada saxlamaq məsələsində yaranır. Şəhərimiz son zamanlar piyadayönümlülüyə meyl etdiyindən, parkinq yerləri də azalıb, avtomobilləri “parkovka” etmək çətinləşib. Amma başqa problem də var ki, birbaşa istehlakçılara təsir edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, market və mağazalara çörək daşıyan maşınların cərimə edilməsi halları artıb: 

- Bu, istehlakçıların cibinə toxunan məsələdir. Çox ciddi şikayətlər daxil olur bununla bağlı. Səhər saatlarında çörək maşınları hər yerə çörək daşıyır. Mağazaların, marketlərin önündə maşını saxlayırlar, ola bilər elə bir yerdir ki orada avtomobil saxlamağa icazə yoxdur, amma başqa imkan da yoxdur. Elə mağaza, mini və ya super marketlər var ki malların daşınması üçün yol kənarından aralı məsafədə ərazisi, sahəsi yoxdur, mal-məhsul gətirən avtomobilləri sürücülər məcburiyyət qarşısında yolun hərəkət hissəsində saxlamalı olurlar. Təbii ki müşahidə kamerası bunu qeydə alır və sürücüyə cərimə yazılır. Bizə daxil olan məlumatlara görə, çörək zavodları, çörək sexləri buna görə hər ay 4-5 min manat cərimə ödəyirlər. Sürücülərə də cərimə balı yazılır. Ballar çoxaldıqca sürücülük hüququnu itirirlər, vəsiqələri alınılr və sair. Çörək və ya digər hər hansı mal və ya məhsul daşıyan, xüsusən əgər bu, ilkin tələbat mallarıdırsa, məsələn, dərman preparatları ola bilər, həmin avtomobillərə güzəşt edilməlidir. Deyək ki, piyadayönümlü küçədir. Axı orada ərzaq mağazası da var, iaşə obyektləri, aptek və sair fəaliyyət göstərir. Bəs məhsul gətirən avtomobil həmin əraziyə necə daxil olsun, neçə metr kənarda saxlayıb məhsulları qucağında daşımalıdır satış yerinə? Bu cür hallar nəzərə alınmalıdır. Bu problem İqtisadiyyat Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi arasında həll olunmalıdır. Dövlət orqanları bir-biriylə sıx əlaqədə olmalıdırlar. Ölkəyə milli marka vurulmamış məhsul gətirilir və gömrükdən keçir. Etiraz edəndə, deyirlər, bu, bizim, yəni Gömrük Komitəsinin işi deyil. Amma Gömrk Komitəsi bunu İqtisadiyyat Nazirliyinə, lazım gələrsə Qida Təhlükəsizliyi Agentliyinə, məhsulun növündən asılı olaraq aidyyəti quruma məlumat verməlidir. İstehlakçıya kassa çeki verilmir, yazırlar ki aidiyyəti orqana müraciət edin. Amma özləri müraciət etməlidir və problemi həll etməlidirlər. Dövlət orqanları arasında əlaqə, koordinasiya olsa, bu cür problemlər də qısa müddətdə həllini tapar.


Geri qayıt