|
Ali Məhkəmədə Gəncədə həmkarını öldürən tarix müəllimi Kamal Bayramovun barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, qanlı hadisə 2022-ci il dekabrın 11-də Gəncə şəhərində baş verib. Şəhərin Avtozavod massivində 4 nəfər arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Münaqişənin mərkəzində uzun müddətdir davam edən borc münasibətləri dayanıb. Məlum olub ki, 1980-ci il təvəllüdlü Əli Bayramov 1986-cı il təvəllüdlü Kamal Bayramovun həmkarı olub. O, ingilis dili müəllimi kimi fəaliyyət göstərirmiş. Kamal Bayramov isə həmkarına təxminən 7 500 manat borc verib. İddialara görə, həmin pul “pensiya düzəldilməsi” məqsədilə verilib.
Hadisə günü Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan, qarşı tərəfdən isə Niyazi Bayramov və qardaşı Kamal Bayramov arasında gərginlik yaranıb. İlk fiziki qarşıdurma zamanı Niyazi və Kamal Bayramov bıçaq xəsarətləri alıblar. Daha sonra Kamal Bayramovun odlu silaha əl atması nəticəsində Əli Bayramov güllələnərək ölüb. Hadisədən sonra həm Kamal, həm də Niyazi Bayramov xəstəxanaya yerləşdirilib.
İş üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tamamlanaraq iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Kamal Bayramov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi cəzanı qismən yüngülləşdirərək 18 ilə endirib. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.
Geri qayıt
|